...

Azərbaycan müxalifəti mövcud potensialı görmür və 80-ci illərin vərdişləri ilə fəaliyyət göstərir – AMİP baş katibi

Siyasət Materials 10 İyul 2010 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T. Hacıyev/

Azərbaycan Milli-İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov hesab edir ki, Azərbaycan müxalifəti mövcud potensialı görmür və 80-ci illərin vərdişləri ilə fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə AMİP-in şənbə günü keçirilən X qurultayında çıxışı zamanı partiyanın baş katibi Fuad Muxtarov deyib.

"Müxalifət partiyaları cəmiyyətdə mövcud potensialı görə bilmir. 80-ci ilin vərdişləri ilə hələ də piket və mitinqlərlə fəaliyyət göstərmək istəyirlər. Müxalifət ya ciddi addımlar atmalı, ya da ki tarixə gömülməlidir", - Muxtarov əlavə edib.

Azərbaycan Milli-İstiqlal Partiyası (AMİP) 1992-ci ildə təsis edilib. AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə əməkdaşlıq edir. 12 noyabr 1998-ci ilin Prezident seçkilərində AMİP-in ozamankı sədri Etibar Məmmədov namizədliyini irəli sürüb. 2003-cü ilin Prezident seçkilərindəki məğlubiyyətdən sonra AMİP sədri Məmmədov sədrlikdən istefa verib. Həmin dövrdən sonra Əli Əliyev və Ayaz Rüstəmov partiya sədri vəzifələrini icra ediblər. X qurultayda partiya sədrinin seçiləcəyi gözlənilir.

AMİP rəsmisinin fikrincə, Azərbaycan müxalifətinə ideologiya hava və su kimi lazımdır.

"Müxalifət hələ də öz yerini tapa bilməyib. Müxalifətçilik ölkədən kənarda mənzərə yaradır ki, guya burda müxalifət var. İndiki vəziyyətdə müxalifətin parçalanması hakimiyyətə xidmət edir. Müxalifətin özünün-özünə vurduğu zərbəni heç kim ona vurmayıb. Daxili çəkişmələr, parçalanmalar müxalifətə etimadı azaldıb. Bu gün bacarıqlı, savadlı gənclər müxalifət sıralarına qoşulmur", - Muxtarov bildirib.

Muxtarovun fikrincə, müxalifətin davamlı məğlubiyyətinin günahlarını iqtidarın üstünə atmaq düzgün deyil.

"Müxalifət olaraq bu uğursuzluqların müzakirəsi aparılmayıb, taktika və strategiyanın düzgün və ya səhv olması saf-çürük edilməyib. Müzakirələr yalnız səthi olub və bütün günahlar iqtidarın üstünə yıxılıb", - Muxtarov deyib.

Xəbər lenti

Xəbər lenti