...

Fransa, Azərbaycan iqtisadiyyatının bütün sektorlarında əməkdaşlığını genişləndirmək arzusundadır - səfir Qabriel Keller

Siyasət Materials 14 İyul 2010 09:00 (UTC +04:00)
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin Fransanın milli bayramı - 14 iyul Bastiliyanın alınması günü münasibətilə Trend-ə müsahibəsi
Fransa, Azərbaycan iqtisadiyyatının bütün sektorlarında əməkdaşlığını genişləndirmək arzusundadır - səfir Qabriel Keller

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Ağayeva/

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin Fransanın milli bayramı - 14 iyul Bastiliyanın alınması günü münasibətilə Trend-ə müsahibəsi

- Fransa ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Fransa - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçıları ötən ilin 9 dekabr tarixində Parisdə görüşüblər və bu ölkələr arasında bir çox uyğunluqların olduğuna əmindirlər.  Əməkdaşlıq perspektivləri olduqca böyükdür. Bu yaxınlarda Fransa Prezidenti bunu bir daha, Azərbaycanın Parisdə yeni təyin olunmuş səfiri cənab Elçin Əmirbəyovun etimadnaməsini qəbul edərkən xatırlatmışdır. Prezident Nikolya Sarkozi yaxında Azərbaycana gəlmək niyyətini də bildirib.

- Fransa - Azərbaycan münasibətlərində hansı istiqamətləri prioritet hesab edirsiniz?

- Siyasi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir, bu həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaq üçün vacibdir. Təbii ki, iqtisadi əməkdaşlıq da əhəmiyyətlidir və artıq iqtisadi əməkdaşlıq uzun müddətdir başlayıb. Bu əməkdaşlıq neft və qaz sahəsində həyata keçirilir, lakin yalniz bu sahə ilə məhdudlaşmır. Bu məsələyə qayıdacağam.
Mədəniyyət və ali təhsil sahəsində də bir çox mübadilələr mövcuddur. Azərbaycanda fransız dilinə böyük maraq var: bu dil 5 fakültədə, Fransız Mədəniyyət Mərkəzində və həmçinin, Azərbaycanın bir çox inzibati strukturlarında tədris edilir. Azərbaycanda bir fransız məktəbi yaratmaq layihəmiz də var.

- Azərbaycan üçün əsas məsələlərdən biri Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Bu münaqişənin yaxın gələcəkdə həlli perspektivlərini necə qiymətləndirirsiniz?

- Danışıqlar prosesi ötən ilin sonundan etibarən çətin bir dövr yaşayır, bu mərhələ prezidentlərin 6 dəfə görüşdüyü nisbi optimizm ilindən sonrakı vaxta təsadüf edir. Minsk qrupu cəhdlərini davam etdirməkdədir, Azərbaycan isə Madrid prinsiplərini qəbul etməklə sülh yolu ilə nizamlanma üçün öz öhdəliyini göstərib. Əlbəttə, biz münaqişənin həllində bu prinsiplərə aid bir razılığın tezliklə əldə olunacağına ümid edirik, bu da öz növbəsində əsl sülh sazişinin işlənib-hazırlanmasına başlamaq üçün şərait yaradır. Həmin sülh sazişi isə daha çox vaxt aparacaq, belə ki, tərəflərdən hər biri kompromis etməyə razılıq verməli olacaq. Minsk qrupunun üç həmsədr ölkəsinin prezidentləri iyun ayının 26-da "Böyük səkkizlik" sammiti ərəfəsində Muskoka Bəyanatı vasitəsilə öz öhdəliklərini xatırlatmışlar. Bu bəyanat, münaqişə tərəflərinin razılaşdığı 6 məsələdən çıxış edərək, Azərbaycan və Ermənistan prezidentlərini aralarında qalan fikir ayrılıqlarını həll etməyə çağırır ki, bu da tam nizamlanmanın əsasını qoymağa imkan verir.

- Fransa Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın Aİ-yə inteqrasiya etməsinə necə töhfə verə bilər? Azərbaycan bu sahədə Fransadan hansı təcrübəni öyrənə bilər?

- Hazırda məsələ Aİ-yə üzv kimi inteqrasiya etməkdən yox, Aİ-yə yaxınlaşmaqdan ibarətdir. Azərbaycan hələ bu barədə seçim etməyib. Əlbəttə, Fransa Şərq Tərəfdaşlığının uğurlu olmasına töhfə vermək arzusundadır, bu proqram sözügedən yaxınlaşma üçün çox iş görə bilər. İqtisadi mübadilənin intensivləşməsi və insanlararası ünsiyyətin (tələbələrin, gənclərin, tədqiqatçıların, jurnalistlərin görüşləri) artması bu sahədə effektiv olar. Müxtəlif əməkdaşlıq tədbirləri sırasında, Azərbaycan və Avropa inzibati strukturları arasında iş metodlarını uyğunlaşdırmaq məqsədi daşıyan tvininq proqramları da mövcuddur. Fransa bu proqramlarda fəal iştirak edir, belə ki, biz bu sahədə olan müsbət dinamikanı müşayiət etmək arzusundayıq.

- Böyük fransız şirkətləri "Total" və GDF SUEZ Azərbaycanda qaz yataqlarının istismarında iştirak edir. Fransanın Azərbaycanda qeyri-neft sektoruna da sərmayə yatırmaq niyyəti varmı və bunu hansı həcmdə etmək niyyətindədir?

- Fransa iqtisadi əməkdaşlığı Azərbaycan iqtisadiyyatının bütün sektorlarına genişləndirmək arzusundadır. Bu əməkdaşlıq, digər sahələrlə yanaşı, artıq aeronavtika, ətraf mühit və nəqliyyata da aiddir. Biz, həmçinin, digər sahələrdə də, məsələn, fəza, yaxud kənd təsərrüfatında da əməkdaşlıq etmək istərdik və bu sahədə əsl tərəfdaşlıq nəzərdə tutmağa hazırıq. İşgüzar mühiti yaxşılaşdırmaq üçün görülməli işlərin hələ də qalmasına baxmayaraq, Azərbaycan fransız şirkətləri tərəfindən böyük imkanlara malik tərəfdaş kimi qəbul olunur. Buna görə də həmin şirkətlərin ölkənizə artan bir marağı vardır, bu isə müvafiq məsul şəxslərin səfərləri ilə nəticələnir; Fransa İş Adamları Hərəkatının (MEDEF) nümayəndə heyəti 2009-cu ilin noyabr ayında Bakıya səfər edib və ölkənizin siyasi, iqtisadi sahədə çalışan bütün məsul şəxsləri ilə görüşlər keçirib. 2009-cu ilin mart ayında isə Bakıya Fransanın xarici ticarət üzrə dövlət katibi xanım İdrak gəlmişdir. Fransanın ən böyük sənaye qruplarını təmsil edən bir çox yüksəksəviyyəli nümayəndə heyətləri mütəmadi olaraq Bakıya səfərlər edirlər.

- Qlobal iqtisadi böhran konteksində Fransanın sərmayə prioritetləri nə dərəcədə dəyişib?

- Qlobal böhran ilk öncə, maliyyə və bank sektorlarına zərbə endirdi. Buna görə də Fransa, ilk növbədə, həmin sektorların ən mühüm problemlərini həll etməyə çalışdı. Bu gün o, böhrana qarşı düzgün tədbirlərin görülməsi üçün Avropa İttifaqı çərçivəsində, ölkələrin iqtisadi və büdcə seçimlərinin üst-üstə düşməsi üçün çalışır. Sərmayələrə gəldikdə, Fransa üstünlüyü planetin mənbələrinə qənaət edən davamlı inkişafa verir: yenilənən enerji, çirklənmiş mühitin təmizlənməsi, suların təmizlənməsi və s. Daha klassik fəaliyyətdə (məsələn, ictimai işlərdə) Fransa ətraf mühiti qoruyan və enerjiyə qənaət edən texnologiyaları irəliyə aparmağa çalışır.

- Aİ ölkələrinin enerji təminatının diversifikasiyasında Fransa Azərbaycanı hansı rolda görür?

- Qaz sahəsində Avropa çox böyük bir idxalçıdır və öz mənbələrini maksimum diversifikasiya etməklə öz enerji müstəqilliyini təmin etməlidir. Fransa Azərbaycanı "cənub koridoru"nun fəaliyyəti üçün əsas tərəfdaş hesab edir və 2010-cu ilin iyununda Azərbaycan ilə Türkiyə arasında imzalanmış tranzit sazişinin baş tutması üçün biz həm dövlət həm də fransız şirkətləri vasitəsilə dəstəyimizi göstərmişik. "Cənub koridoru" qazın Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya gəlməsinə imkan verəcək, lakin ilk növbədə, bu koridordan öz qazını Azərbaycan keçirə biləcək. Neft məsələsinə gəldikdə, TOTAL fransız şirkəti uzun müddətdir Azərbaycanda fəaldır və onun BTC-dəki iştirakı sizin sualınıza cavab verir.

Xəbər lenti

Xəbər lenti