...

İlham Əliyev Nikola Sarkozini təbrik edib

Siyasət Materials 13 İyul 2010 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Nikola Sarkozini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində addımlarımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur", - məktubda qeyd olunur.

Azərbaycan Prezidenti bildirib ki, iki ölkənin çoxşaxəli əlaqələrinin geniş spektrində humanitar sahə mühüm yer tutur.

"Bu mənada, heç şübhəsiz ki, ölkənizdə keçirmək niyyətində olduğumuz "Azərbaycanın mədəniyyət fəsli" çərçivəsində tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına töhfə olacaq, onların milli-mədəni irsinin ümumbəşəri əhəmiyyət daşıdığını bir daha təsdiq edəcəkdir.

Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmaması bizim ən ağrılı problemimiz olaraq qalır. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Sizinlə görüşlərimizi, söhbətlərimizi ən xoş təəssüratlarla xatırlayıram. Münasib bildiyiniz ən yaxın vaxtlarda Azərbaycana səfərə gələcəyinizə, Sizinlə Bakıda görüşəcəyimizə ümidvar olduğumu bildirirəm", - təbrik məktubunda deyilir.

İlham Əliyev Nikola Sarkoziyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti