...

Bakı şəhərində 1 078 təhlükəsizlik kamerası quraşdırılıb

Siyasət Materials 14 İyul 2010 14:21 (UTC +04:00)
Bakı şəhərində 375 ünvanda 1 078 təhlükəsizlik kamerası quraşdırılıb
Bakı şəhərində 1 078 təhlükəsizlik kamerası quraşdırılıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Bakı şəhərində 375 ünvanda 1 078 təhlükəsizlik kamerası quraşdırılıb, - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" xidmətinin rəisi, polis mayoru İlqar Quliyev deyib.

"Bu sistem ötən ilin yanvarında fəaliyyətə başlanıb. Əsas məqsəd təhlükəsizlik kameraları vasitəsilə əhalinin kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, dövlət əhəmiyyətli obyektlərin ərazilərində hüquq qaydasına riayət olunub-olunmamasını fasiləsiz izləməkdən ibarətdir", - Quliyev bildirib.

Kameraların quraşdırılması prosesinin davam etdirildiyini deyən Quliyev bildirib ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə bu iş sürətləndirilir və bunun sayəsində indi yerlərdə daha müasir kameraların quraşdırılması həyata keçirilir.

Bu ilin birinci yarısında paytaxt küçələrində quraşdırılmış videokameralar vasitəsilə 2 000-ə yaxın hadisə qeydə alınıb. İyirmi mindən artıq yol hərəkəti qayda pozuntuları aşkar edilib.

Baş vermiş 972 yol nəqliyyat hadisəsindən 23-nün piyadaların vurulması ilə bağlı olduğunu qeyd edən Quliyev, həmçinin, təhlükəsizlik kameraları vasitəsilə 110 ictimai asayişin pozulması faktının, 8 yanğın hadisəsinin, 2 avtoxuliqanlıq, 1 qəsdən sağlamlığa zərər vurma, 1 meyit tapılma və 52 başqa cinayət hadisəsinin müəyyənləşdirildiyini deyib.

Xəbər lenti

Xəbər lenti