...

NATO Əfqanıstanda öz missiyasını başa çatdırmayınca, ölkəni tərk etməyəcək – Baş katib

Siyasət Materials 22 İyul 2010 13:43 (UTC +04:00)
NATO Əfqanıstanı, hətta ölkədə missiyasının müddəti başa çatdıqdan sonra da tərk etməyəcək və yerli hakimiyyətin ölkəni idarə etmək qabiliyyətinə malik olduğuna tam əminlikdən sonra da əfqan xalqına kömək edəcək.
NATO Əfqanıstanda öz missiyasını başa çatdırmayınca, ölkəni tərk etməyəcək – Baş katib

Əfqanıstan, Kabil, 22 iyul /Trend, müxbir K.Akılbekov/

NATO Əfqanıstanı, hətta ölkədə missiyasının müddəti başa çatdıqdan sonra da tərk etməyəcək və yerli hakimiyyətin ölkəni idarə etmək qabiliyyətinə malik olduğuna tam əminlikdən sonra da əfqan xalqına kömək edəcək. Bu barədə NATO-nun Baş katibi Anders Foq Rasmussen (NATO Secretary General Anders Fogh Rasmussen) Kabildə mətbuat konfransında bəyan edib.

"Bu ölkənin milli qüvvələrinin 2014-cü ilədək öz ölkələrində təhlükəsizliyin təmin olunmasına görə məsuliyyəti öz üzərinə götürə biləcəyi barədə bəyanatı NATO qoşunlarının Əfqanıstandan gedəcəyi demək deyil, onlar dəstək göstərəcəklər", - Rasmussen bildirib.

Kabildə, təxminən, 70 dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi Əfqanıstanın donor-ölkələrinin konfransı keçirilir.

Prezident Həmid Kərzai konfransın açılışında bəyan edib ki, yerli hüquq-mühafizə orqanları artıq 2014-cü ildə ölkədə vəziyyətə sərbəst nəzarət edə biləcəklər.

Rasmussenin sözlərinə görə, əgər NATO alyansın qoşunlarını çıxarmağa tələsərsə, onda taliblər yenidən Əfqanıstana qayıdacaqlar və bütün əvvəlki səylərin üzərindən xətt çəkiləcək.

"Biz ekstremistlərə Əfqanıstanda demokratik rejimi devirməyə imkan vermərik", - o deyib. - "Biz əfqanları, hətta məsuliyyətin milli təhlükəsizlik qüvvələrinə ötürülməsindən sonra da atmayacağıq, onlara kömək etmək üçün qalacağıq".

Rasmussenin fikrincə, məsuliyyətin əfqan təhlükəsizlik qüvvələrinə ötürülməsi prosesi 2011-ci ildə start götürəcək.

"O, tədricən həyata keçiriləcək, əyalətbəəyalət, vilayətbəvilayət", - o bildirib. - "Ona görə də biz indi fəal məşq edir və əfqan polis, əsgərlərini öyrədirik".

ABŞ-ın məsuliyyətin əfqan hökumətinə ötürülməsi üzrə təşəbbüsdə rolu və mövqeyinə gəldikdə, Rasmussen bütün bu prosesdə Amerikanın böyük rol oynadığını güman edir.

"Dediyim kimi, məsuliyyətin ötürülməsi mərhələli şəkildə gedəcək", - o bildirib. - "Düşünürəm ki, hamımız onunla razıyıq ki, o, mümkün qədər tez baş tutsun".

NATO-nun Baş katibi Əfqanıstan rəhbərinin korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair təşəbbüsü ilə bağlı bildirib ki, o, çox vacibdir.

"Mən Həmid Kərzaini korrupsiya ilə mübarizə ilə bağlı öz üzərinə öhdəlik götürdüyünə görə dəstəkləyirəm, çünki biz əmin olmalıyıq ki, Əfqanıstanın inkişafına görə ayrılan vəsaitlərdən təyinatına görə və səmərəli istifadə olunur", - o qeyd edib.

Əfqanıstan Prezidenti Həmid Kərzai beynəlxalq birliyi korrupsiya ilə mübarizədə əfqan hökumətinə kömək göstərməyə çağırıb.

Onun sözlərinə görə, beynəlxalq birliyin korrupsiyaçıların cinayət axtarışı üçün qanunu əsaslı dəstəkləməsi güc strukturları çərçivəsində xüsusi olaraq yaradılan korrupsiya hallarına nəzarət üzrə dövlət idarəsinin, antikorrupsiya və antikriminal idarənin təşkilinə kömək edə bilər.

Xəbər lenti

Xəbər lenti