...

Azərbaycan terrorçu təşkilatlara qarşı fəal çıxış edir – Dövlət Departamenti

Siyasət Materials 6 Avqust 2010 17:58 (UTC +04:00)
Azərbaycan terrorçu təşkilatlara qarşı fəal çıxış edir. ABŞ Dövlət Departamentinin hazırladığı "2009-cu il ərzində terrorçuluqla mübarizə ilə bağlı ölkələr üzrə hesabat"da deyilir. Hesabat ABŞ dövlət katibi yanında terrorizm əleyhinə əlaqələndirmə ofisi tərəfindən hazırlanıb.
Azərbaycan terrorçu təşkilatlara qarşı fəal çıxış edir – Dövlət Departamenti

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Qasımova/

Azərbaycan terrorçu təşkilatlara qarşı fəal çıxış edir. ABŞ Dövlət Departamentinin hazırladığı "2009-cu il ərzində terrorçuluqla mübarizə ilə bağlı ölkələr üzrə hesabat"da deyilir. Hesabat ABŞ dövlət katibi yanında terrorizm əleyhinə əlaqələndirmə ofisi tərəfindən hazırlanıb.

"Avropa və Asiya ölkələrinin icmalı" başlığında qeyd edilir ki, "Avropa ölkələri qanunvericiliyi təkmilləşdirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək, eləcə də terrorizmdə şübhəli bilinən şəxslərin izlənməsi və həbsi yolu ilə terrorizmlə mübarizə imkanlarını genişləndirirlər", - ABŞ Dövlət Katibliyinin rəsmi saytında yerləşdirilən hesabatda deyilir.

Hesabatın Azərbaycandakı vəziyyəti təsvir edən hissəsində deyilir: "Azərbaycan Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal çıxış edir. Ölkə terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində müəyyən uğurlar qazanıb.

2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün ortamüddətli strateji planının hazırlanması, "çirkli pulların yuyulması ilə mübarizə", "terrorizm əleyhinə maliyyələşmə" qanunlarının həyata keçirilməsinə və eləcə də maliyyə-təhqiqat bölməsinin (MTB) yaradılmasında səylərini gücləndirib.

Mərkəzi Bank yanında yaradılan maliyyə-təhqiqat bölməsi oktyabrda BMT-nin, FATF (Financial Action Task Force), digər beynəlxalq təşkilat və konvensiyaların standartlarına cavab vermək üzrə fəaliyyət planı hazırlayıb və öz-özlüyündə Avropa Şurasının müvafiq strukturu olan "MONEYVAL"a öz planını təqdim edib. Öz növbəsində, bu struktur Azərbaycanın planını öyrənərək, özünün uyğunsuzluqla bağlı əvvəllər qəbul edilən mənfi qərarına yenidən baxıb".

Hesabatda vurğulanır ki, Azərbaycanın maliyyə-təhqiqat bölməsi özünün ortamüddətli strateji planının hazırlanması, "çirkli pullar"ın yuyulması ilə mübarizə və bu sahədə informasiya sisteminin yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib.

"Azərbaycan yerli banklarda şübhəli bilinən terrorçu qrupların və ayrı-ayrı şəxslərin siyahisını yaymaqla, terrorizmlə bağlı bütün mümkün axınları müəyyənləşdirməkdə davam edir", - hesabatda vurğulanır.

"Azərbaycan məlumat mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda iştirak edir, ABŞ və Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əməliyyatlarına dəstək verir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır", - məlumatda qeyd olunur.

Hesabatda o da qeyd edilir ki, Azərbaycan Əfqanıstana 90 əsgər göndərib, tibb və sosial xidmətlər sahəsində təhlükəsizliyə yardım üzrə beynəlxaq qüvvələrlə əməkdaşlıq edir.

Hesabatda 2007-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin "Mehdi ordusu" adlı qanunsuz təşkilatın 15 üzvünü həbs etməsi, Əfqanıstan və Pakistandakı qanunsuz silahlı dəstələrin tərkibində iştirak etmiş bu şəxslərə həbs cəzalarının verilməsi, Bakıda "Hizbullah"la əlaqəsi olan 2 Livan vətəndaşının məhkum edilməsi, "Meşə qardaşları"nın məhkəməsi və 26 nəfərin müxtəlif cəzalara məhkum olunması faktları da xatırladılır.

2009-cu il iyunun 18-də Ağır Cinayətlərə dair Hərbi Məhkəmə leytenant Kamran Əsədovu və onunla əlbir 20 şəxsi 2007-ci ilin sonunda Bakıda Amerika və Britaniya səfirliklərinə hücum etmək məqsədilə əlbir olmağa görə 2 ildən 15 ilədək həbs cəzasına məhkum edib. Əsədov və onunla əlbir olan şəxslər hərbi bazadan silah və döyüş sursatları oğurlayıblar və "Lukoyl" yanacaqdoldurma məntəqəsinə silahlı hücum ediblər.

Oktyabrın 4-də Bakı Məhkəməsi iki Livan vətəndaşını - Məhəmməd Əli Kəraki və Əli Hüseyn Nəcməddini 15 illik cəzaya, eləcə də onlarla əlbir olan dörd azərbaycanlını 14 illik həbsə məhkum edib. Məhkəmə müəyyən edib ki, qrup İsrail Səfirliyinə hücum planlaşdırıb.

İstintaq göstərib ki, Kəraki və Hüseynin "Hizbullah" qruplaşması ilə bağlılığı olub.

Oktyabrda keçirilən iki məhkəmə prosesində Ağır Cinayətlərə dair Məhkəmə 15 Azərbaycan vətəndaşını 6 ildən 30 ayadək həbs cəzasına məhkum edib. Buna əsas onların Pakistan və Əfqanıstanda qanunsuz silahlı qruplaşmalarda iştirakları olub.

Noyabrın 4-də Bakı Məhkəməsi 26 nəfəri - 23 azərbaycanlını, iki Türkiyə vətəndaşını və bir Rusiya vətəndaşını 2008-ci il avqustun 17-də "Əbu-Bəkr" məscidi kimi tanınan Bakı məscidinə hücuma görə, 2 ildən 15 ilədək müddətə cəzaya məhkum edib. O zaman qumbaranın partlaması nəticəsində üç nəfər həlak olub, səkkzi nəfər yaralanıb. Məscid hücumdan sonra fəaliyyətini bərpa etməyib.

Azərbaycan hökuməti bu hadisənin Şimali Qafqazda yerləşən, lideri İlqar Mollaçiyev olan "Meşə qardaşları" təşkilatı ilə əlaqəsi olduğunu bildirib. Mollaçiyev Dağıstanda 2008-ci ilin sentyabrında öldürülüb.

Amerika qanunvericiliyi tələb edir ki, Dövlət Katibliyi hər il Konqresə qanunvericilikdə göstərilən meyarlara uyğun ölkələrin terrorizmlə apardıqları mübarizə ilə bağlı hesabat təqdim etsin.

Bu illik məruzə "Ölkələrin terrorizmlə apardıqları mübarizə" (Country reports on terrorism) adını alıb və 2004-cü ildən etibarən əvvəlki "Qlobal terrorizmin formaları" hesabatının əvəzləyib.

Xəbər lenti

Xəbər lenti