...

Baş Prokurorluqda cari ilin birinci yarısında fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Siyasət Materials 6 Avqust 2010 21:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, cari il avqustun 6-da prokurorluq orqanları tərəfindən 2010-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Baş Prokurorluqda cari ilin birinci yarısında fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, cari il avqustun 6-da prokurorluq orqanları tərəfindən 2010-cu ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirmişdir ki, qlobal iqtisadi böhranın davam etdiyi və bu amilin dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərdiyi bir şəraitdə, yeni müstəvidə hərtərəfli inkişaf mərhələsinə daxil olan Azərbaycan Respublikasında 2010-cu ilin birinci yarısında da əhəmiyyətli sosial-iqtisadi inkişaf təmin edilmiş, islahatlar və yeniləşmə proseslərinin daha da dərinləşdirilməsi, hüquqi və demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması, xalqın yaşayış səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu yeni dövlətçilik siyasəti təşkil etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlətimizin başçısı İlham Əliyevin çıxışında qaldırılan məsələləri diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, iqtisadi artım göstəricilərinin, valyuta ehtiyatlarının və iqtisadiyyata sərmayə qoyuluşu səviyyəsinin yüksək olduğunu, çoxlu iş yerlərinin açıldığını, qeyri-neft sektorunun inkişaf tempinin yüksək olduğunu xüsusi vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, 2010-cu ilin birinci yarımilində Azərbaycanın prokurorluq orqanları tərəfindən digər hüquq mühafizə, məhkəmə və ədliyyə orqanları ilə qarşılıqlı əlaqədə ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət müstəqilliyimizin qorunması, cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması üçün genişmiqyaslı işlər görülmüşdür. Prokurorluqda aparılan islahatlar yeni məzmunda davam etdirilmiş, fəaliyyətimizdə mövcud olan çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Əməliyyat müşavirəsində qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş və prokurorluqda yeni təkmilləşmə və hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasına istiqamətləndirilmişdir. Görülən işlər sırasında, qüvvədə olan qanunvericilik aktlarına prokurorluq əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsini, onlara dövlət qayğısının artırılmasını təmin edəcək dəyişikliklər və əlavələr edilməsi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Hüquqi Təminat və İnformasiya İdarəsinin, Zaqatala Hərbi Prokurorluğunun, Ağır cinayətlərə dair işlər üzrə dövlət ittihamının müdafiəsi üzrə şöbənin yaradılmasının əhəmiyyəti qeyd edilmişdir. Eyni zamanda, prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilən 2010-cu ildə mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması və fəaliyyətin bütün sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər diqqətə çatdırılmış, Dövlət Proqramında nəzərdə tutulmuş cari ilə aid tapşırıqların müəyyən edilmiş müddət ərzində və keyfiyyətli icrası məqsədi ilə Baş Prokurorluğun, Respublika Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının, habelə bütün tabe struktur qurumların vəzifələri müəyyənləşdirilmişdir.
Digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində hesabat dövründə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülməsinə nail olunmuşdur. 2010-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3 faiz, adam oğurluğu 42,9 faiz, zorlamalar 2,6 dəfə, soyğunçuluq 26,3 faiz, quldurluq 14,8 faiz, hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, xuliqanlıq 3,2 faiz, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər, ümumiyyətlə, qeydə alınmamış, törədilmiş 11375 cinayətin təxminən 87,3 faizinin açılması təmin edilmişdir. Həmçinin 391 ağır və xüsusilə ağır cinayətlər, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu və çoxsaylı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.

Həyata keçirilmiş səmərəli istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, keçmiş illərdən bağlı qalan 188 ağır və xüsusilə ağır cinayətin, o cümlədən 2007-ci və 2008-ci illərdə Qaradağ rayonu ərazisində X.Cəfərov və O.Nəcəfovun, 2009-cu ilin yanvarında Nizami rayonunda P.Həmidovun, 2009-cu ilin sentyabrında Quba rayonunda R.Həsənovun, 2009-cu ilin dekabrında Füzuli rayonunda Ə.Əliyevin qəsdən öldürülməsi ilə bağlı cinayətlərin açılması təmin olunmuşdur. Eyni zamanda, Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlar tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq qurumları, rayon və şəhər polis orqanları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində real qabaqlayıcı tədbirlər görülməsi, 2010-cu ilin birinci yarısının yekunlarına görə, habelə keçmiş illərdən bağlı qalmış bütün cinayətlərin açılması və təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tapşırığı verilmişdir.

Xüsusi vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran əsas vəzifələrdəndir. Nəzərə çatdırılmışdır ki, bu sahədə ixtisaslaşdırılmış qurum olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2010-cu ilin birinci yarısında rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 116 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının icrası istiqamətində zəruri işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini və onların həyata keçirilməsi mexanizmini, daxil olan müraciətlərin və keçirilən yoxlamaların uçotunun aparılması və mütəmadi olaraq ümumiləşdirilməsi qaydalarını müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlərin görülməsi, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislərin cəlb edilməsi və onların iştirakı barədə qərarların qəbulu, yoxlamaların keçirilməsi və 15 cinayət işinin başlanılması təmin olunmuşdur. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizə işinin gücləndirilməsi, yoxlamaların ciddi nəzarətə götürülməsi, onların təşkili və keçirilməsinə məsul olan prokurorluğun müvafiq qurumları və əməkdaşları tərəfindən sui-istifadə hallarına yol verilməsinin dərhal qarşısının alınması, yoxlamaların bütün mərhələlərində şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara müvafiq göstərişlər verilmişdir.

Əməliyyat müşavirəsində qeyd edilmişdir ki, 2010-cu ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin, işin düzgün təşkilinə cavabdeh əlaqədar struktur qurumların, müstəntiq və təhqiqatçıların, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların məsuliyyətinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermişdir. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 6275 cinayət işinin istintaqı yekunlaşdırılmış, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1 faizə bərabər olmuşdur. İctimai əks-səda doğuraraq cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində təmin edilmişdir.

Qeyd edilənlərlə yanaşı, birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması üçün əsas olan çatışmazlıqların aradan qaldırılması, aparılan ibtidai araşdırmalar gedişində beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunan əsas insan və vətəndaş hüquq və azadlıqlarının real təmin edilməsi, bütün cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və istintaq üzərində prokuror nəzarətinin yeni tələblər səviyyəsinə qaldırılmaqla tam yeni məzmunlu nəzarət mexanizminin formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılmışdır. Əsas diqqətin bu sahədə mövcud olan çatışmazlıqların aşkarlanması və onların aradan qaldırılması üçün konkret tədbirlərin müəyyənləşdirilməsinə yönəldilməsi barədə tapşırıq verilmişdir.

Xüsusi vurğulanmışdır ki, Baş Prokurorluq üzrə yeni imzalanmaqla icraya yönəldilmiş "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 2010-cu il 28 iyul tarixli əmr bu məqsədlərə nail olunmasında mühüm rol oynayacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na müvafiq olaraq, şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələr kimi daim nəzarətdə saxlanılmalıdır.

Hesabat dövründə dövlət gənclər siyasətinin tələblərinə əsasən ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmaqla 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə başa çatdırılmış, həmin gənclər Ədliyyə Akademiyasında icbari təhsili bitirdikdən sonra cari ilin aprel ayında tabe rayon, şəhər və hərbi prokurorluqlara təyinatlar almışlar. Xüsusi vurğulanmışdır ki, mühüm islahat tədbiri kimi artıq 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilən gənc mütəxəssislər prokurorluğun kadr korpusunun 41 faizini təşkil edir və onlar müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməklə nümunəvi işlərinə görə xidmətdə irəli çəkilirlər.

Gənc mütəxəssislərin müstəqil işə hazırlanması, onların staj keçmələrinin müəyyən edilmiş qaydalara uyğun şəkildə reallaşdırılması, bu məsələdə formalizmə yol verilməməsi, təsdiq edilmiş proqramlara müvafiq olaraq onların "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş bütün fəaliyyət istiqamətləri üzrə işi mükəmməl mənimsəmələri üçün zəruri tədbirlərin görülməsinin təmini məqsədi ilə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıq verilmişdir. Eyni zamanda, Baş Prokurorluq üzrə 2001-ci il 28 dekabr tarixli "Prokurorluq işçilərinin nəzəri və peşə hazırlığı ilə əlaqədar işin təkmilləşdirilməsi haqqında" əmrin tələblərinə dönmədən əməl edilməsi qarşıda duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, həftənin şənbə günləri bütün struktur qurumlarda təsdiq olunmuş tematik planlar əsasında keçirilən tədris məşğələləri və seminarların səmərəliliyinin daha da artırılması, aktual məsələlərin müzakirəyə çıxarılması, bu məsələdə əməkdaşların fəallığının daha da artırılması barədə göstərişlər verilmişdir.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyətinin artırılması, fəaliyyətlərində qanunazidd hallara və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, 2010-cu ilin birinci yarısında müxtəlif xətalara yol verdiklərinə görə 50 prokurorluq əməkdaşı cəzalandırılmış, onlardan 5 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfəri tutduqları vəzifələrdən azad olunmuş, 40-dan çox əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilmişdir. Eləcə də, tabelikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 10-dan artıq rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunun məsul vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilmişlər. Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülsün.

Əməliyyat müşavirəsində, həmçinin "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli qanunun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə, ağır cinayətlər üzrə yeni məhkəmələrin yaradılması ilə əlaqədar dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklərin aparılması ilə əlaqədar görüləcək tədbirlər barədə müzakirələr aparılmış, bu istiqamətdə artıq müəyyən işlərin görülməsi təmin edilmiş, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin tərkibində Ağır cinayətlərə dair işlər üzrə dövlət ittihamının müdafiəsi üzrə şöbənin yaradıldığı diqqətə çatdırılmış, baş prokurorun müavini Namiq Əsgərov və əlaqədar qurumların rəhbərləri tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə əlaqəli şəkildə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin müasir tələblər səviyyəsində daha səmərəli təşkili prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, bu sahədə işin daha da təkmilləşdirilməsi məqsədi ilə zəruri struktur dəyişikliyinin həyata keçirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından istifadə edilməsi yolu ilə müraciətlərə baxılması və qəbulun müasir standartlar səviyyəsinə qaldırılması üçün yeni əmr layihəsinin hazırlanması istiqamətində görülən işlərin qısa müddət ərzində yekunlaşdırılması Baş Prokurorluğun bütün struktur qurumları və tabe prokurorlardan tələb edilmişdir.

Əməliyyat müşavirəsində, eyni zamanda, Azərbaycan Prokurorluğunun veb-saytının müasir tələblər səviyyəsində yeniləşdirilmiş variantının hazırlanması üzrə işlərin başa çatdırılması və rəsmi təqdimat mərasiminin keçirilməsi, cari ilin avqust-sentyabr aylarında Baş Prokurorluğun və tabe struktur qurumların əməkdaşlarının hazırlıq səviyyəsinin Elm-Tədris Mərkəzində "İmtahan" informasiya sistemi vasitəsilə test üsulu ilə yoxlanılması işlərinə başlanılması, Ali Attestasiya Komissiyasının işində də yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmaqla, attestasiyadan keçən əməkdaşların bilik səviyyəsinin həmin sistem vasitəsilə yoxlanılması, Mərkəz və Hüquqi təminat və informasiya idarəsi tərəfindən hər üç aydan bir qanunvericiliyə edilmiş dəyişikliklərin öyrənilməsi üzrə xüsusi proqramların hazırlanması və tətbiqi barədə tapşırıqlar verilmişdir.

Baş prokuror tərəfindən diqqətə çatdırılmışdır ki, 2010-cu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmişdir. Azərbaycan Respublikası baş prokurorunun müavinlərinin, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Tabe prokurorluqların bütün əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində aparılan müzakirələr zamanı 2010-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirə nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubov və müavini Namiq Əsgərov tərəfindən ətraflı məruzələr edilmişdir. Müzakirələrdə çıxış edən baş prokurorun köməkçisi Anar Məmmədov prokurorluq orqanlarında vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi, hüquqi təminat və informasiya idarəsinin rəis müavini - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan Prokurorluğunun müasir tələblər səviyyəsində yeniləşdirilmiş veb-saytı barədə müşavirə iştirakçılarına məlumat vermişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi dövlət səviyyəsində göstərilən etimadı doğrultmaq, müstəqil dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin, insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizəni təmin etmək üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görüləcəyi ilə bağlı inamını ifadə etmişdir.

Xəbər lenti

Xəbər lenti