...

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları arasında həll olunası problemlər çoxdur – partiya funksioneri

Siyasət Materials 12 Avqust 2010 12:35 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini hesab edir ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları arasında həll olunası problemlər çoxdur.
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları arasında həll olunası problemlər çoxdur – partiya funksioneri

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, onların Müsavat Partiyası ilə həll olunası problemləri çoxdur.

"Bu problemlərin həll olunması asan deyil. Hər iki partiyanın bütün dairələr üzrə namizədləri var. Razılıq yalnız namizədlərin həmin dairələrdən imtina etməsi ilə əldə oluna bilər. Ona görə də proses elə də asan hesab olunmur. Kifayət qədər ciddi və çətin problemlərin həllindən söhbət gedir", - bu barədə cümə axşamı Trend-ə AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə "Müsavat" başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif və seçki bloku yaradılması istiqamətində danışıqlar davam etdirilir.

Onun sözlərinə görə, bu problemlər nə qədər çətin olsa da, aradan qaldırılması mümkündür.

"Bu gün vacib olan birlik niyyətidir. Bu niyyət varsa, problemləri çətinliklə də olsa, aradan qaldırmaq mümkündür. Lakin prosesin gecikməsi bu problemləri daha da çətin edir. Təbii ki, blok nə qədər tez yaransa, bir o qədər də effektli fəaliyyət göstərə bilər. Bu baxımdan biz prosesin sürətləndirilməsinin tərəfdarıyıq. Hər iki tərəfdə istək və iradə var ki, proses tez bir zamanda yekunlaşsın", - Qəhrəmanlı deyib.

AXCP funksioneri partiyada dairələrin razılaşdırılması ilə bağlı problemin olmadığını vurğulayıb.

"AXCP üzvlərinin demokratik dəyərlərin bərpa olunması naminə partiyanın qəbul etdiyi qərarlara etiraz edəcəyini gözləmirik. Bu seçki bloku məsələsi gündəmə çıxarkən partiyanın bütün strukturlarının rəylərini öyrənmişik. Hər kəs də bilib ki, bu blokun yaranması müəyyən kompromislər və güzəştlər sayəsində mümkündür", - Qəhrəmanlı deyib.

Xəbər lenti

Xəbər lenti