...

Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olub

Siyasət Materials 12 Avqust 2010 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq.

Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur. Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir.

Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaq. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfərbərlik sahəsi haqqında məlumat verərək bildirdi ki, kompleksin inşasında çalışanlar üçün burada hər cür şərait yaradılmışdır. Burada, həmçinin, texnika və tikinti materiallarının yerləşdiyi anbarlar da vardır.

Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə də ətraflı məlumat verilib.
Dövlətimizin başçısı tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti