...

Türkiyə Prezidenti Abdullah Gül Şəkiyə səfər edib

Siyasət Materials 17 Avqust 2010 23:12 (UTC +04:00)
Avqustun 17-də Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhər icra hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb
Türkiyə Prezidenti Abdullah Gül Şəkiyə səfər edib

Avqustun 17-də Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhər icra hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb

Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət etdi.

Prezident Abdullah Gül abidənin önünə gül dəstəsi qoydu.

Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərinin şərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abadlıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılmışdır.
Türkiyə Prezidenti Abdullah Gül daha sonra Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycan və Dağıstandakı hərəkatı və ölkəmizdəki türk şəhid məzarlıqlarının yerləşdiyi stendə baxdı.

Qardaş ölkənin dövlət başçısı Şəkinin mərkəzi parkında xalq şairi Bəxtiyar Vahabzadənin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biri olan Bəxtiyar Vahabzadə milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Şair Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə də böyük töhfələr vermişdir. Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı bu il qardaş Türkiyədə də silsilə anma tədbirləri keçirilmişdir.

Prezident Abdullah Gül parkda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onlarla səmimi söhbət etdi. Türkiyə Prezidenti Azərbaycana səfərindən məmnun qaldığını, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Diqqətə çatdırıldı ki, bu səfər Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına yeni töhfələr verəcəkdir.
Prezident Abdullah Gül XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə də baş çəkdi. Ali qonağa məscid və mədrəsə barədə ətraflı məlumat verildi, ona xatirə hədiyyəsi təqdim olundu. Prezident Abdullah Gül məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdirdi.

Şəki Xan sarayı ilə tanışlıq zamanı Türkiyə Prezidenti Abdullah Gülə məlumat verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, "Müştaq" təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmamışdır. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək 5 dəfə əsaslı bərpa edilmişdir.
Türkiyə dövlətinin başçısı sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etdi.

Prezident Abdullah Gülə Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə edildi.
Ali qonaq Xan sarayının xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Prezident Abdullah Gül XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış oldu, Şəkinin tanınmış ziyalıları ilə görüşüb söhbət etdi.

Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdir. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm yer tuturdu. Şəhər karvansarayları həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə 5 karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansaraylar indiyədək qalmışdır. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaray hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlir, burada uzun müddət ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
Həmin gün Türkiyə Prezidenti Zaqatala şəhərinə qayıtdı.

Xəbər lenti

Xəbər lenti