...

Azərbaycan hökuməti "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib

Siyasət Materials 25 Avqust 2010 15:59 (UTC +04:00)
Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsində yeni kateqoriya yaranacaq. "A1" - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etməyə imkan verir.
Azərbaycan hökuməti "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir М.Əliyev/

Azərbaycan hökuməti "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Bu barədə Nazirlər Kabinetindən verilən məlumatda deyilir.

Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsində yeni kateqoriya yaranacaq. "A1" - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etməyə imkan verir.

Qərara əsasən, "A1" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaşdan, "А", "В", "С" kateqoriyaları üzrə 18 yaşdan, "ВЕ" üzrə 19 yaşdan, "CE" və "D" üzrə 21 yaşdan, "DE" üzrə 24 yaşdan etibarən verilir.

Qərara əsasən, "C" və "D" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, "A" və "B" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, "A1" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir.

Bütün kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır. "BE" kateqoriyası üzrə ixtisasın artırılması üçün kurslarda "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək üçün isə müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti