ABŞ Dövlət Departamenti Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasının statusunu yalnız Rusiya və Ermənistanın işi adlandırıb. Müvafiq bəyanatla ABŞ DD-nin rəsmi nümayəndəsi Mark Toner çıxış edib. O, jurnalistlərin baza haqqında Rusiya-Ermənistan razılaşması ilə bağlı ABŞ-ın mövqeyini səsləndirmək xahişini cavablandırarkən belə deyib. Bu barədə "RİA-Novosti" agentliyi yazır.
"Hesab edirəm, bu məsələ yalnız iki ölkəyə - Rusiya və Ermənistana aiddir. Əlbəttə, ABŞ-ı Ermənistanla möhkəm tərəfdaşılq əlaqələri bağlayır və biz onların davam etdiriləcəyinə inanırıq. Rusiya isə Minsk qrupu üzvlərindən biridir və burada konstruktiv rol oynayır", - Toner deyib.
Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).
Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən Rusiyanın 102 saylı hərbi bazası yerləşdirilib. Baza MDB HHM birləşdirilmiş sistemi çərçivəsində döyüş növbətçiliyi aparır və Zaqafqaziyadakı RF Şimali Qafqaz Hərbi Dairəsinin Rusiya qoşunları qrupuna tabedir.
Baza "S-300" zenit raket kompleksi və "MiQ-29" qırıcıları ilə təchiz edilib. Bazada şəxsi heyətin tərkibi 5 min nəfərə yaxındır.