...

ABŞ Mərkəzi Asiyada öz maraqlarından imtina etməyə hazırlaşmır – ekspertlər

Siyasət Materials 15 Sentyabr 2010 11:30 (UTC +04:00)
Vaşinqtonun Mərkəzi Asiyada öz fəaliyyətini Moskva ilə razılaşdırmaq barədə niyyətlərinə baxmayaraq, Vaşinqton regionda öz nüfuzundan imtina etməyə hazırlaşmır.
ABŞ Mərkəzi Asiyada öz maraqlarından imtina etməyə hazırlaşmır – ekspertlər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir V.Javoronkova/

Vaşinqtonun Mərkəzi Asiyada öz fəaliyyətini Moskva ilə razılaşdırmaq barədə niyyətlərinə baxmayaraq, Vaşinqton regionda öz nüfuzundan imtina etməyə hazırlaşmır,  - ekspertlər bu qənaətdədirlər.

Ötən həftə ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya üzrə köməkçisi Robert Bleyk "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, ABŞ Manasdakı mərkəz barədə Rusiya Prezidenti Dmitri Medvedevin və Rusiya hökumətinin ifadə etdikləri dəstəyi çox qiymətləndirir. O, həmçinin, Əfqanıstanda terror əleyhinə əməliyyatların aparılması üçün tranzit mərkəzin vacibliyini qeyd edib.

Müşahidəçilərin fikrincə, Bleykin bu bəyanatı ABŞ-ın Rusiyanın postsovet məkanında, o cümlədən, Mərkəzi Asiyada üstün maraqlara malik olması ilə barışdığından xəbər verir.

Lakin ekspertlərin fikrincə, ABŞ regionda öz nüfuzundan imtina etməyə tələsmir.

Mərkəzi Asiya üzrə amerikalı ekspert Deks Torrik-Bartonun (Dex Torricke-Barton) fikrincə, Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi Prezident Barak Obama administrasiyasının xarici siyasətinin başlıca prioritetlərindən biri olaraq qalır və Manasla bağlı dialoqda iştirak "Moskvanın sakitləşdirilməsi" strategiyasının hissələrindən biridir.

"Lakin ABŞ-ın burada öz əsas strateji maraqlarından imtina etməsi və ya regionda liderliyi güzəştə getməsi az inandırıcıdır", - Torrik-Barton elektron-poçt vasitəsilə Trend-ə bildirib. - "ABŞ Rusiya ilə bir-birinin ayağını tapdalamadan onlara regionda hər ikisinin iştirakına imkan verən kompromisə nail olmağa çalışır".

Bundan əlavə, onun fikrincə, indi Vaşinqton Moskva ilə münasibətlərdə daimi gərginlik mənbəyi kimi, hərbi bazalar haqqında məsələ ilə bağlı gərginliyi azaltmağa çalışır.

Mərkəzi Asiya üzrə digər amerikalı ekspert Brüs Panyer hesab edir ki, ABŞ-ın Mərkəzi Asiyanı qeyri-ənənəvi tərəfdaş qismində görmək istəməsinə baxmayaraq, orada həmişə Rusiyanın Mərkəzi Asiyada mühüm rol oynadığı və yaxın gələcəkdə də oynayacağı barədə inam mövcuddur.

Panyerin fikrincə, burada Rusiyanın Mərkəzi Asiya regionuna coğrafi yaxınlığı da az rol oynamır.

Lakin Mərkəzi Asiya üzrə alman ekspert Mixail Laubş hesab edir ki, Vaşinqton özünün Mərkəzi Asiyaya inteqrasiyasında təkcə Kremlə cavab vermək üçün maraqlı deyil. Lakin aydındır ki, o, bu regionda maraqlıdır.

"ABŞ anlayır ki, əgər regionda olmasalar, o zaman onlar "maraq oyunu"nda Rusiya və Çinə uduzacaqlar", - ETG (Eurasian Transition Group) alman qeyri-hökumət təşkilatının rəhbəri Laubş elektron-poçt vasitəsilə Trend-ə bildirib.

Beləliklə, ABŞ Qırğızıstanı inandırmağa cəhd edəcək və çox güman ki, gələcəkdə Mərkəzi Asiyanın digər ölkələri ilə əməkdaşlığı genişləndirəcək. Laubş bu qənaətdədir.

Ekspertin fikrincə, ABŞ gələcəkdə bütün Mərkəzi Asiya regionunda öz nüfuzunun gücləndirilməsinə cəhd göstərəcək və ehtimal etmək olar ki, Türkmənistan, Özbəkistan və Qazaxıstan onun maraqları dairəsinə daxil olacaq.

Panyer hesab edir ki, ABŞ-ın Rusiya ilə razılaşdırılmış fəaliyyəti barədə Bleykin bəyanatı Birləşmiş Ştatların Mərkəzi Asiya ölkələrinə öz daxili problemlərinin həllində yardım etməyə hazır olmamasından xəbər verə bilər.

"Aprel və iyun aylarında Qırğızıstanın cənubunda baş verən oxşar hadisələr kimi, əgər Mərkəzi Asiya ölkələri öz problemlərinin öhdəsindən gələ bilməsələr, ABŞ-ın, sadəcə olaraq, kənara çəkilməsi mümkündür", - "Azadlıq" radiosunun eksperti Panyer elektron-poçt vasitəsilə Trend-ə bildirib. - "Və bu, o deməkdir ki, Mərkəzi Asiya zərurət yaranacağı halda, kömək üçün ya Rusiyaya, ya da Çinə müraciət etməlidir".

Xəbər lenti

Xəbər lenti