...

Azərbaycanın hakim partiyası müxalifət liderinin ermənilərlə saziş imzalamasını pisləyib

Siyasət Materials 13 Oktyabr 2010 16:22 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiya rəhbərinin ermənilərlə saziş imzalamasını pisləyib.
Azərbaycanın hakim partiyası müxalifət liderinin ermənilərlə saziş imzalamasını pisləyib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiya rəhbərinin ermənilərlə saziş imzalamasını pisləyib.

"İsa Qəmbərin ermənilərlə saziş imzalamasını Azərbaycanın dövlət və milli maraqlarına zidd hesab edirik. Bu, Müsavat Partiyasının özünün ideologiyasına ziddir. İsa Qəmbər Müsavat Partiyasından özünün şəxsi maraqları üçün istifadə edir. İnanırıq ki, Müsavat Partiyasının daxilində sağlam düşüncəli insanlar İsa Qəmbərin bu hərəkətlərinə etiraz edəcəklər", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

Trend-in arayışı: Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannaməyə imza atıb.

Əhmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ideoloji mərkəzlərindən biri də Erməni milli hərəkatıdır.

"Məhz onların hakimiyyəti dövründə Azərbaycan torpaqları işğal olunub. Onlarla imzalanan saziş Azərbaycana qarşı yönəlib", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, seçkiöncəsi ermənilərlə əlaqələr yaratmaq müxalifətdə bir ənənəyə çevrilib.

"Hər parlament seçkisi ərəfəsində ermənilərlə görüşürlər, onlarla müqavilələr bağlayırlar. Onlar Azərbaycan seçicilərindən özlərinə dəstək gözləmirlər. Ona görə də ermənilərdən dəstək gözləyirlər", - Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti