...

Dağlıq Qarabağ münaqişəsi müharibənin mədəniyyətlərarası dialoqa mane olmasına parlaq nümunədir – səfir Polad Bülbüloğlu

Siyasət Materials 18 Oktyabr 2010 14:14 (UTC +04:00)
Müharibə anlaşmaya səbəb olmayacaq, yalnız sülh və əmin-amanlıq müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqa yardım edə bilər. Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsi müharibənin mədəniyyətlərarası dialoqa mane olmasına parlaq nümunədir – səfir Polad Bülbüloğlu

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S.Süleymanov/

Müharibə anlaşmaya səbəb olmayacaq, yalnız sülh və əmin-amanlıq  müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqa yardım edə bilər. Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə hesab edir.

"Postsovet məkanında ən qanlı və üzunmüddətli münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin timsalında müharibənin anlaşmaya gətirib çıxarmayacağı ilə bağlı fikrimi təsdiqləmək istəyirəm", - Bülbüloğlu Astanadakı Ümumdünya Mənəvi Mədəniyyətlər Forumunda çıxışı zamanı bildirib.

Səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi və onun acı dərsləri bütün səviyyələrdə keçirilən müzakirələr, hər hansı növdə dialoqlar üçün ibrətamizdir. Onun sözlərinə görə, müharibə anlayışının özü hər hansı dialoqa antitezisdir.

Bülbüloğlu Dağlıq Qarabağ üzrə "Xalq diplomatiyası" qrupuna daxildir. Bu qrupa Bakı Musiqi Akademiyasının rektoru, professsor Fərhad Bədəlbəyli də daxildir.

"Əsl yerli qarabağlı kimi mən sülhsevər Azərbaycan xalqının müharibənin dəhşətli ağırlıqlarını yaşaması faktına biganə qala bilmərəm. Müharibədən danışmaq ağırdır, lakin ona dözmək daha çətindir", - Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, bir fakt aydın olub ki, Dağlıq Qarabağ müharibəsi Cənubi Qafqaz regionunda sabitliyi pozan sonrakı geosiyasi kataklizmlər və hadisələr üçün detonator olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Mədəniyyətlərin çiçəklənməsi sülh və əmin-amanlığın olduğu yerdə mümkündür. Müharibə mənəvi yenilənməyə kömək edə bilməz", - Bülbüloğlu deyib və qeyd edib ki, Azərbaycan beynəlxalq arenada təkcə özünü mütərəqqi deyil, həm də qədim sivilizasiya və mədəniyyətə malik ölkə kimi göstərib.

Səfir onu da bildirib ki, münaqişələr və müharibələr terrorun yayılmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Qafqaz da bu "qismətdən qaça bilməyəcək".

"Biz terror aktları nəticəsində həlak olanlar üçün kədərlənirik", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti