...

Gürcüstanda Azərbaycanın müstəqilliyinin 19-cu ildönümü qeyd olunub

Siyasət Materials 18 Oktyabr 2010 18:08 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Azərbaycanın müstəqilliyinin 19-cu ildönümü münasibətilə "dəyirmi masa" təşkil edib.
Gürcüstanda Azərbaycanın müstəqilliyinin 19-cu ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Azərbaycanın müstəqilliyinin 19-cu ildönümü münasibətilə "dəyirmi masa" təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə GAK-ın mətbuat xidmətindən məlumat veriblər.

GAK-ın ofisində keçirilən "dəyirmi masa"da Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən GAK sədri Əli Babayev Konqresin hər zaman Azərbaycanın dövlət bayramlarını qeyd etdiyini xatırladıb. Babayev Müstəqillik Gününün tarixi barədə tələbələrə məlumat verib.

"Gürcüstan azərbaycanlıları tarixi vətənləri olan Azərbaycanın tarixini yaxşı bilməlidirlər. Azərbaycanın müstəqilliyə gedən yolu keşməkeşli olub. Azərbaycan xalqı çətinliklə qazanılan dövlət müstəqilliyinin qədrini bilir. Müstəqil Azərbaycan və Gürcüstan münasibətləri çox yüksək səviyyədədir", - Babayev əlavə edib.

O qeyd edib ki, Gürcüstanın azərbaycanlı gəncləri iki ölkə arasındakı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə öz töhvələrini verməlidirlər. "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir. Müstəqil Azərbaycan ümummili lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin etibarlı əllərindədir", - GAK sədri deyib.

Tədbirin sonunda iştirakçılar "Vətənim Azərbaycan" sənədli filminə baxıblar.

"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında yekdilliklə qəbul edilib.

Həmin il dekabrın 29-da ümumxalq səsverməsi keçirilib və referendumun nəticələrinə əsasən, Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

Xəbər lenti

Xəbər lenti