Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/
ATƏT-in Minsk qrupunun tərkibində Fransanın həmsədrliyi Almaniya ilə əvəzlənə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.
"Son zamanlar Almaniyanın Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə marağı artır", - politoloq deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun tərkibində Almaniyanın həmsədrliyinə tərəf atılan addımlardan biri həmsədrlərin işğal olunmuş ərazilərdə sonuncu monitorinq missiyasının tərkibində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iki nümayəndəsi ilə yanaşı, Almaniyanın da bir nümayəndəsinin iştirak etməsidir.
ATƏT-in Minsk qrupu səfirlər Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovun (Rusiya) iştirakı ilə Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin planlaşdırılmış səhra qiymətləndirmə missiyasını keçirib. Missiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun yerli hakimiyyət orqanları ilə de-fakto işləyən əməkdaşlarının dəstəyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilib. Həmsədrlərin dəvəti ilə missiyada üç texniki, o cümlədən verilən tapşırığı yerinə yetirməkdə onlara kömək edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iki eksperti iştirak edib.
Əhmədoğlu hesab edir ki, Almaniya Qafqazın hərbiləşdirilməsinin əleyhinədir.
"Almaniya həm Ermənistanda, həm də Azərbaycanda Dağlıq Qarabağ məsələsi ilə bağlı hakimiyyətin rəsmi mövqeyinə alternativ mövqe bildirmək imkanına malik qrup yaratmaqda maraqlıdır", - o bildirib.
Politoloq hesab edir ki, Almaniyanın məqsədi regionda konfliktliliyi azaltmaqdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.