Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda hərbi hissələrdə baş vermiş cinayətlərin təhqiqat işlərinin aparılmasının peşəkar hüquqşünaslara həvalə olunması həmin cinayətlərin tezliklə, peşəkarlıqla araşdırılması ilə nəticələnəcək. Bunu şənbə günü Trend-ə eksklüziv açıqlamasında hərbi prokuror Xanlar Vəliyev bildirib.
"İndiyə qədər hərbi cinayətlərə görə təhqiqat işlərini hərbi hissə komandirləri aparıb. Onlar isə ixtisasca hüquqşünas deyillər. Bu isə hərbi cinayətlərin bəzi hallarda obyektiv araşdırılmamasına gətirib çıxarıb", - hərbi prokuror vurğulayıb.
Milli Məclis bir neçə gün öncə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" qanun qəbul edib.
Əvvəlki qanunvericiliyə görə, indiyə qədər hərbi hissələrdə bu və ya digər hüquq pozuntusuna, hərbi cinayətlərə görə təhqiqat və istintaq işlərini hərbi hissə komandirləri aparıblar. Yeni dəyişikliklərə görə, hərbi hissələrdə təhqiqat, istintaq işlərini həmin hərbi hissələrin ərazisində yerləşəcək və peşəkar hüquqşünaslardan ibarət olacaq 5 regional qurum aparacaq.
Vəliyevin sözlərinə görə, yeni yaradılacaq təhqiqat orqanı müəyyən cinayətlər üzrə daxil olan məlumatlar əsasında araşdırma aparacaq və 10 gün ərzində materialları prokurorluğa təqdim edəcək.