Türkmənistan, Aşqabad, 11 noyabr /Trend, müxbir H.Həsənov/
Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün noyabrın 11-də Türkmənistana iki günlük rəsmi səfəri başlayır. Bu barədə cümə axşamı Türkmənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
"Dənizkənarı Türkmənbaşı şəhərində yüksək səviyyədə keçiriləcək görüş iki dost dövlətin əməkdaşlıq salnaməsinə yeni parlaq səhifə yazacaq", - mətndə deyilir.
Gözlənildiyi kimi, yüksək səviyyədə danışıqlar zamanı qarşılıqlı maraq doğuran məsələlər və qarşılıqlı tərəfdaşlığın prioritetləri müzakirə olunacaq.
Məlumatda deyilir ki, bu görüşün yekunları Türkmənistanla Türkiyə Respublikası arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə yardım edəcək və bütün istiqamətlərdə dövlətlərarası qarşılıqlı fəaliyyətin gələcək inkişafına güclü təkan verəcək.
İki ölkə dövlətlərarası, hökumətlərarası və idarələrarası səviyyələrdə bağlanan 100-dən artıq sazişin bazasında qarşılıqlı fəaliyyət göstərir. Türkiyə ilə Türkmənistan arasında müntəzəm hava nəqliyyatı yaradılıb, iri birgə layihələr həyata keçirilir.
Türkmənistanın xarici ticarət dövriyyəsində Türkiyə üçüncü yeri tutur. 2010-cu ilin əvvəlində ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62,9 faiz artıb.
Türkmənistan tekstil məhsulları, yanacaq-energetika, kimya, kənd təsərrüfatı sənayesi məhsulları satır. Türkiyədən metallar və ondan hazırlanan məmulatlar, təsərrüfat malları, avadanlıqlar, inşaat materialları, elektrotexnika, kimya və yüngül sənaye məhsulları, ərzaq, nəqliyyat vasitələri, tibbi ləvazimatlar daxil olur.
Yerli bazarda "Polimeks", "Engin Group Konsorsium S.A ", "İçkale İnşaat Limited Şirketi", "Kotam Enterprayzis" və başqa şirkətlər təmsil olunur.
2008-ci ildən iqtisadi əməkdaşlqı üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. İyulda Ankarada keçirilən sonuncu iclasda YEK, aqrar sektor, tarnzit-nəqliyyat, elmi-texniki və investisiya sahələri üzrə qarşılıqlı faydalı əlaqələrin yaradılması barədə razılaşma əldə olunub.