...

Polşa Azərbaycanla biznesi inkişaf etdirməklə neft sektorunun hüdudlarından kənara çıxmaq istəyir – səfir Mixal Labenda

Siyasət Materials 30 Noyabr 2010 13:19 (UTC +04:00)
Polşa Azərbaycanla ənənəvi enerji əməkdaşlığı ilə yanaşı iqtisadi, ekologiya, kənd təsərürfatı və səhiyyə sahələrində də əməkdaşlığı inkişaf etdirməyə can atır. Bu barədə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda (Michal Labenda) Trend-ə müsahibəsində Polşa-Azərbaycan hökumətlərarası komissiyasının dördüncü iclasının yekunlarını şərh edərkən bildirib.
Polşa Azərbaycanla biznesi inkişaf etdirməklə neft sektorunun hüdudlarından kənara çıxmaq istəyir – səfir Mixal Labenda

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir Y.Ostapenko/

Polşa Azərbaycanla ənənəvi enerji əməkdaşlığı ilə yanaşı iqtisadi, ekologiya, kənd təsərürfatı və səhiyyə sahələrində də əməkdaşlığı inkişaf etdirməyə can atır. Bu barədə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda (Michal Labenda) Trend-ə müsahibəsində Polşa-Azərbaycan hökumətlərarası komissiyasının dördüncü iclasının yekunlarını şərh edərkən bildirib.

"Azərbaycan Polşanın həm iqtisadi, həm də siyasi planda prioritet tərəfdaşı olaraq qalır", - səfir bildirib və əlavə edib ki, bu yaxınlarda Bakıda keçirilən sahibkarların və rəsmi strukturların görüşü əlaqələrin yaranması və gələcək işlərin dairəsinin müəyyənləşdirilməsində mühüm addım olacaq.

Noyabrın 24-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçirilib. Komissiyanın həmsədrləri Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev olub.

"Bu, çox mühüm hadisəsdir. Çünki iclas zamanı tərəflər dövlət strukturları arasındakı iqtisadi əməkdaşlığın bütün aspektlərini müzakirə etmək imkanına malik olurlar, biznes-forum zamanı isə polyak və azərbaycanlı sahibkarlar əlaqələr qurmağa nail olurlar", - səfir bildirib.

Polşa nümayəndə heyətinin tərkibinə səhiyyə, kənd təsərrüfatı və ətraf mühut nazirlərinin müavinləri də daxil olublar və onlar Bakıda görüşlər keçiriblər.

Rəsmi nümayəndə heyəti ilə yanaşı Bakıya Polşanın azı 25 iri və orta biznes şirkətinin nümayəndələri də gəliblər. Səfirin sözlərinə görə, onların arasında Bakıda artıq nümayəndəlikləri olan firmalarla yanaşı Azərbaycana ilk dəfə gələn şirkətlər də olub.

Polşanı təmsil edən şirkətlər arasında daha iri firmalar bunlar olub: Grupa LOTOS S.A. , ULMA Construccion Polska SA, Polşanın qiymətli kağızların hazırlanması zavodu.

Polşa-Azərbaycan biznes-forumu çərçivəsində iki sənəd - Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyi (PAIiIZ) arasında qarşılıqlı anlaşma memorandumu, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası və Polşa İşəgötürənlər Assosiasiyası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Polşa ilə Azərbaycan arasında iqtsadi əlaqələrin davamlı inkişafına baxmayaraq, mal dövriyyəsi hələlik aşağı səviyyədədir. Polşa Respublikasının Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2010-cu ilin yanvar-iyun ayları ərzində Polşanın Azərbaycanla mal dövriyyəsi 51,6 milyon dollar təşkil edib, bu zaman Polşadan ixracın payı 45,2 milyon ABŞ dolları olub.

Dağlıq Qarabağ nizamlanması


Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan Avropa İttifaqı üçün ilk növbədə enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin region, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması səbəbindən qeyri-sabitdir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması energetika sahəsində əməkdaşlıqla birbaşa bağlı deyil. Hətta əgər Azərbaycan belə böyük neft və qaz ehtiyatlarına malik olmasaydı, Aİ yenə də münaqişənin nizalanması prosesində iştirak edəcəkdi", - səfir bildirib.

1994-cü ilin mayında tərəflər atəşkəs haqqında sazişə nail olduqdan sonra indiyədək Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun (MQ) himayəsi altında sülh danışıqları aparılır.

Səfirin sözlərinə görə, Aİ ölkələri əvvəlcədən MQ-də təmsil olunublar. Aİ artıq 90-cı illərdən, Azərbaycanın enerji potensialının o vaxt belə parlaq göstərilmədiyinə baxmayaraq, Dağlıq Qarabaqda sülh prosesində iştirak edib.

"Hazırda Aİ MQ-nin işində birbaşa iştirak etmir. Lakin biz hesab edirik ki, MQ bu münaqişənin nizamlanmasında ən səmərəli mexanizmdir və Polşa bu qrup çərçivəsində aparılan bütün işləri dəstəkləyir", - səfir bildirib.

"Dağlıq Qarabağ problemi MDB ərazisində yeganə separatçı münaqişədir ki, onun təmas xəttində sülhyaratma qoşunları iştirak etmir, MQ-nin səyləri sayəsində nisbi sakitlik qorunub saxlanılıb", - səfir deyib və əlavə edib ki, bunu artıq MQ-nin işinin böyük nailiyyəti hesab etmək lazımdır.

Mədəniyyət və təhsil

Mədəni dialoq və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi ikitərəfli münasibətlərin mühüm aspektidir.

"Mən Azərbaycanda işlədiyim dövrdə Polşa və Azərbaycan xalqları arasında mədəni dialoqu bundan sonra da inkişaf etdirməyi, eləcə də təhsil sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırıram", - səfir bildirib.

2010-cu il bütün dünyada məşhur polyak bəstəkarı və pianoçusunun anadan olmasının 200 illiyi ilə əlaqədar "Frederik Şopen ili" elan edilib. "Şopen ili" çərçivəsində il ərzində Azərbaycanda da çoxlu mədəni tədbirlər keçirilib.

Səfir deyib ki, "Şopen ili"nin başa çatması ilə əlaqədar noyabrın 23-də Azərbaycan paytaxtında Polşanın "Prusinowski Trio"sunun və azərbaycanlı muğam ifaçısı Alim Qasımovun iştirakı ilə konsert keçirilib.

"Gələn il məşhur polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun anadan olmasının 100 illiyinə həsr olunacaq. Bu dövr də çoxlu sayda tədbirlərlə yadda qalacaq", - o, deyib.

Bu günlərdə polyak şairlərinin seçilmiş şeirləri Azərbaycan dilində işıq üzü görəcək. Səfirin sözlərinə görə, yerli tərcüməçilərin əməyi sayəsində daha çox tanınmış müasir polyak şairlərinin maraqlı və iri həcmli şeirlər kitabını toplamaq mümkün olub.

Elm və təhsil sahəsində də ikitərəfli əməkdaşlıq inkişaf edir. Artıq bir neçə ildir ki, Bakı Slavyan Universitetində polyak dili mərkəzi fəaliyyət göstərir.

"Polşa mərkəzi ilə müxtəlif istiqamətlərdə birgə işi davam və inkişaf etdirməyi planlaşdırıram", - səfir deyib.

Azərbaycandan olan tələbələr Polşanın ali məktəblərində tələbə mübadiləsi proqramları çərçivəsində təhsil almaq imkanlarına malikdirlər.

"Polşa universitetlərində Azərbaycan dili və mədəniyyəti kafedraları yoxdur. Lakin ümid edirəm ki, Azərbaycanın Varşavadakı səfirliyi ilə birgə iş sayəsində Polşanın ali məktəblərində belə kafedraların açılmasına nail olacağıq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti