...

"Wikileaks" internet saytında Azərbaycanla bağlı yayılan məlumatlar böhtan xarakterlidir - deputat

Siyasət Materials 30 Noyabr 2010 17:39 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri bildirib ki, "Wikileaks" internet saytında dövlət başçıları haqqında yayılan məlumatlar yalan və böhtan xarakterlidir.
"Wikileaks" internet saytında Azərbaycanla bağlı yayılan məlumatlar böhtan xarakterlidir - deputat

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin komitə sədri bildirib ki, "Wikileaks" internet saytında dövlət başçıları haqqında yayılan məlumatlar yalan və böhtan xarakterlidir.

"Saytda məlumatların açıqlanması təsadüfi xarakter daşımır. Bir halda ki, müxtəlif dövlətlər haqqında bu qədər məlumat açıqlanıb və ilk baxışdan sanki bir fırtına yaranıb, bu heç də təsadüfi deyil. Zənnimcə, bu, məqsədyönlü şəkildə sızılmış informasiyalardır", - bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova bildirib.

Bu günlərdə "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılıb. Həmin materiallarda Azərbaycan Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda "Wikileaks" internet saytında Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələrin qətiyyən həqiqəti əks etdirmədiyini və onların heç bir əsası olmadığını açıqlayıb.

Aslanova deyib ki, saytda Azərbaycan haqqında da yalan və böhtan xarakterli məlumatlar var.

"Bu cür məlumatlar şantaj xarakterlidir və ölkələr arasında qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil", - Aslanova deyib.

Xəbər lenti

Xəbər lenti