...

Bütün dünyada yayılan ərəbdilli qəzetdə Azərbaycanın neft tarixi ilə bağlı məqalə nəşr olunub

Siyasət Materials 30 Noyabr 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Misirdəki səfirliyi ərəb dünyasının aparıcı qəzeti olan və bütün dünyada yayılan ərəbdilli "əl-Əhram International" qəzetində "Azərbaycanın neft tarixi: Orta əsrlərdən çağdaş günümüzə qədər" adlı məqalə nəşr etdirib. Bu barədə Trend-ə səfirlikdən məlumat veriblər.

Məqalədə Azərbaycan nefti haqqında orta əsr ərəb və Avropa mənbələrində olan yazılara istinad edilərək, dünyada sənaye yolu ilə ilk neft quyusunun Azərbaycanda qazıldığı və müasir neft istismarı və hasilatında istifadə olunan texnologiyaların əksəriyyətinin ilk dəfə Bakıda tətbiq olunduğu qeyd olunub.

Azərbaycan Dövlət Neft Akademiyasının timsalında Azərbaycanın sovet və dünya neft-qaz istehsalı sənayesinə verdiyi töhfələr barəsində məlumat verilərək, müstəqilliyin əldə edilməsi və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə Azərbaycanın neft sənayesi qarşısında yeni üfüqlərin açıldığı qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevə istinadən 1994-cü ildə Azərbaycanın düzgün seçim etdiyi və Heydər Əliyevin neft strategiyasının bu gün öz bəhrələrini verdiyi oxucuların diqqətinə çatdırılıb. Məqalədə hazırda Azərbaycanın yeddi neft-qaz ixrac kəmərlərinə malik olduğu və bunların sırasında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin xüsusi rol oynadığı qeyd olunub.

Məqalənin sonunda yüksək şəffaflıq və düzgün idarəetmə prinsipləri ilə Azərbaycanın neft və qaz ehtiyatlarından əldə olunan gəlirlərin bugünkü və gələcək nəsillərin mənafeyi naminə yeni-yeni imkanlar yaratdığı və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun uğurla inkişaf etdiyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti