...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin reallıqları ilə kifayət qədər tanış deyil – AŞPA-nın siyasi məsələlər üzrə komissiyasının keçmiş sədri

Siyasət Materials 8 Dekabr 2010 11:30 (UTC +04:00)

İsveç, Stokholm, 6 dekabr /Trend, müxbir Ü.Sadıxova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal iştiraçısına çevrilmək üçün Avropa İttifaqı problemin reallıqları ilə daha yaxşı tanış olmalıdır. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər üzrə komissiyasının keçmiş sədri Qoran Lindblad (Goran Lindblad) belə hesab edir.

"Aİ-nin bu münaqişə [Dağlıq Qarabağ] barədə öz təsəvvürlərini genişləndirməsi vacibdir. Əvvəlcə biz İttifaqın üzvü olan digər ölkələrdəki bəzi dostlarımızı məlumatlandırmalıyıq, çünki bir çox Avropa liderləri indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə kifayət qədər yaxşı tanış deyillər və Azərbaycan ərazilərinin 20 faizinin işğalı faktından bixəbərdirlər", - əvvəllər İsveçin AŞPA-dakı nümayəndə heyətinə başçılıq edən Lindblad Trend-ə bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Avropa İttifaqını Dağlıq Qarabağ münaqişənin həllində "öz sözünü deməyə" və nizamlanma prosesində daha fəal rol oynamağa çağırıb.

"Hazırda münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, lakin biz istərdik ki, Avropa İttifaqı da problemin həllində öz sözünü desin və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha vacib rol oynasın", - bir müddət əvvəl Aslanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edərkən bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

İsveç Parlamentinin Moderat Partiyasından olan sabiq deputatı Lindblad hesab edir ki, Brüsseldəki siyasətçilərin həm milli, həm də ümumavropa səviyyəsində Ermənistanla Azərbaycan arasındakı münaqişəyə münasibətdə maraqlarının artırılması vacibdir.

"Hələlik maraqları [siyasətçilərin] o qədər də yüksək səviyyədə deyil və mən ümid edirəm ki, Lissabon müqaviləsinin ratifikasiyasından sonra münaqişənin həllində İttifaqın iştirakı əhəmiyyətli dərəcədə olacaq", - Lindblad bildirib.

Aİ-yə üzv ölkələrin ümumi xarici siyasətə söykənmələrinə baxmayaraq, reallıqda vəziyyət tamamilə başqa cürdür və bu, yeni problemlərin ortaya çıxmasına səbəb olur.

"Əslində, Aİ-nin hər bir ölkəsi özünün ayrıca xarici siyasi kursuna əsaslanır və ona görə də Avropaya əlaqələndirmə lazımdır. [Dağlıq Qarabağ] münaqişəsinə marağın artırılması və onun nizamlanmasında fəallıq məsələn, İsveç kimi ayrıca ölkə üçün deyil, bütün Aİ üçün prioritet məsələ olaraq qalır", - Lindblad bildirib.

İsveçli analitikin fikrincə, münaqişədə təzyiq rıçaqları Rusiyanın əlində qalır.

"Əksəriyyəti ATƏT-ə daxil olan Avropa ölkələri Rusiyanı konstruktiv dialoqun aparılması üçün Ermənistana daha çox təzyiq göstərməyə inandırmağa çalışmalıdırlar", - o, deyib.

Keçmiş İsveç parlamentarisi ötən həftə keçirilən ATƏT-in Astana sammitinin və orada münaqişə tərəfləri olan ölkələrin - Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT MQ-nin həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının qəbul etdikləri birgə bəyanatın münaqişənin nizamlanmasını sürətləndirəcəyinə şübhə edir.

"Mən qeyd etmək istərdim ki, bəyannamə az şeyi dəyişəcək. Proses artıq uzun müddətdir dayanıb. Hesab edirəm ki, iki ölkə Rusiyanın iştirakı ilə birbaşa dialoqa keçməlidir, çünki Rusiyanın ciddi müdaxiləsi olmadan həll tapmaq problematik olacaq. Yalnız Rusiya Ermənistanı güzəştə getməyə məcbur edə bilər", - Lindblad.

Xəbər lenti

Xəbər lenti