Azərbaycan, Bakı, 20 dekabr /Trend/
TürkPA Beynəlxalq Katibliyində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) prezidenti ilə görüş keçirilib.
Təşkilatdan bazar ertəsi Trend-ə verilən məlumata görə, TürkPA baş katibi Ramil Həsənov qonağa təşkilatın il ərzində həyata keçirdiyi layihələr, parlamentlərarası əlaqələr, bir çox beynəlxalq təşkilatlarla qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə geniş məlumat verib.
Bu ilin oktyabr ayında TASAM tərəfindən təşkil olunmuş Dünya Türk Forumuna dəvətə və oradakı iştirakına görə Süleyman Şənsoya təşəkkür edən TürkPA baş katibi, TASAM-ın gələcək fəaliyyətinə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.
TASAM prezidenti Süleyman Şənsoy təmsil etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdikləri iri miqyaslı layihələr, türkdilli dövlətlər arasında əlaqələrin güclənməsində qeyri-hökumət təşkilatı olaraq atdıqları addımlar, Dünya Türk Diasporunun birliyi və güclənməsi istiqamətində həyata keçirdikləri işlər barədə ətraflı məlumat verib.
TürkPA-ya türkdilli dövlətlər tərəfindən qurulmuş Beynəlxalq Parlament Təşkilatı olaraq xüsusi önəm verdiklərini qeyd edən TASAM prezidenti gələcəkdə TürkPA-nın fəaliyyətində daha da yaxından iştirak etmək istədiklərini vurğulayıb.
Görüşdə TürkPA baş katibinin Türkiyədən olan müavini Kürşat Melih Sarıarslan və Qazaxıstandan olan müavini cənab Mels Semqaliyev iştirak ediblər.