...

Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə "XXI əsrin 10 ili - Azərbaycanın inkişaf strategiyası" adlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 23 Dekabr 2010 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə cümə axşamı "XXI əsrin 10 ili - Azərbaycanın inkişaf strategiyası" adlı tədbir keçirilib.

Tədbirdə çıxışı zamanı Baş nazirin müavini Əli Həsənov bildirib ki, İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirir.

"Biz şükür etməliyik ki, Heydər Əliyevin vəfatından sonra hakimiyyət Azərbaycanı dağıtmaq istəyən qüvvələrin deyil, məhz İlham Əliyevin əlinə keçdi", - Həsənov deyib.

Onun sözlərinə görə, həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanın ədəbiyyatı, təhsili və səhiyyəsinin inkişafında çox böyük rol oynayır.

"İlham Əliyevin qızı Leyla Əliyeva da Rusiyada yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsində böyük nailiyyətlər əldə edib. Bu onu deməyə əsas verir ki, Heydər Əliyev ailəsi siyasi ailədir və bu ailə Azərbaycan xalqının rifahı naminə uzun müddət xidmət edəcək", - Həsənov bildirib.

Həsənov deyib ki, son 10 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması üçün 3,4 milyard manat xərclənib ki, bunun da 2,6 milyard manatı ölkənin vəsaiti hesabına ödənilib. Bu vəsaitin 73 faizi İlham Əliyevin hakimiyyəti dövründə - son 7 ildə xərclənib.

"Son 10 ildə görülən işlər Azərbaycanı Türk dünyasının mərkəzinə, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib, Azərbaycan dünya dinlərinin tolerantlıq mərkəzinə çevrilib", - Baş nazirin müavini qeyd edib.

YAP-ın sədr müavini, deputat Əli Əhmədov çıxışında bildirib ki, İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanın müstəqillik tarixi ən önəmli hadisələrlə yadda qalıb, iqtisadi inkişaf, dövlətin qüdrətlənməsi kimi hadisələr tarixə düşüb.

"Son 10 ildə bütün sahələr kimi ölkə iqtisadiyyatı da çox sürətlə inkişaf edib. Bu da ümummilli lider Heydər Əliyevin konseptual, uğurlu siyasi kursunun davam etdirilməsinin nəticəsidir", - Əhmədov bildirib.

Kənd təsərrüfatı naziri İsmət Abasov çıxışında bildirib ki, Azərbaycanın keçmiş Sovet İttifaqı dövründə tutduğu qabaqcıl iqtisadi inkişaf XX əsrin sonlarında ölkədə baş verən ictimai-siyasi proseslər nəticəsində dağılmışdı.

"Ümummilli lider Heydər Əliyevin gəlişi ilə Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu. 2000-2009-cu illərdə kənd təsərrüfatı inkişaf edib. İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafını təmin edib", - Abasov bildirib.

Xəbər lenti

Xəbər lenti