Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir N.Quliyev/
Türkiyə və İsrail arasında regiondakı mövqe uğrunda gizli rəqabət həmişə olub, "Azadlıq donanması"na hücum isə açıq rəqabətin başlanğıcı olub. Bunu Səudiyyə Ərəbistanının tədqiqatçısı İsmayıl Yaşa deyib.
"Türkiyə və İsrail regionda sərfəli mövqeyə görə mübarizə aparırlar, "Azadlıq donanması"na hücum münasibətlərin pisləşməsinin əsas səbəbi deyil", - Yaşa bildirib.
Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib.
Bu insidentdən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili dəfələrlə "dövlət terrorizmi" siyasəti yürütməkdə günahlandırıb və İsraildən rəsmi üzr istəməsini və hücum zamanı həlak olanların ailələrinə təzminat ödəməyi tələb edib.
Dünən xarici işlər naziri Aviqdor Liberman bəyan edib ki, İsrail Türkiyə və beynəlxalq ictimaiyyət qarşısında Qəzza bölgəsinə humantitar yük aparmaq istəyən "Azadlıq donanması"na hücuma görə üzr istəməyəcək. Onun sözlərinə görə, bunun əvəzinə Türkiyə "terrorizmi dəstəklədiyinə" görə üzr istəməlidir, çünki donanmanın təşkilatçısı - xeyriyyə fondunun HƏMAS və "Hizbullah"ın döyüşçüləri ilə sıx əlaqələri var.
Ekspertin sözlərinə görə, Ankara və Təl-Əviv arasında yaranan fikir ayrılıqları nəticəsində son vaxtlar Türkiyə ərəb və bütün İslam dünyasının dəstəyini qazanıb.
Yaşa hesab edir ki, Türkiyə Təl-Əvivlə münasibətlər tam kəsilsə belə, heç nə itirmir. "Ankara Təl-Əvivlə fikir ayrılıqları fonunda ərəb və bütün İslam dünyasının siyasi dəstəyini qazanıb", - o qeyd edib.