Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir A.Axundov/
Türkiyə Böyük Millət Məclisi Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni 2011-ci ilin yanvarında ratifikasiya edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı deyib.
2010-cu il dekabrın 22-də Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül tərəfindən avqustun 16-da İstanbulda imzalanan Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni ratifikasiya edib.
Kabakçının sözlərinbə görə, son günlər Türkiyə parlamentində 2011-ci il dövlət büdcəsinin müzakirəsi ilə əlaqədar bir sıra digər məsələlərin gözdən keçirilməsi təxirə salınıb.
"Artıq büdcə qəbul edilib, yaxın günlərdə müzakirələrə başlanılacaq və Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə ratifikasiya ediləcək", - Kabakçı əlavə edib.