Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının başqanı İsa Qəmbər dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik ediblər.
ADP-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, partiya sədri Cəlaloğlunun təbrikində qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yaranmış ən mühüm bayramlardan biri Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
"Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız məhz bu gün bir millət olaraq bu bayramı qeyd etməklə bir-birilərinin problemləri ilə tanış olur, millətimizin və Vətənimizin keçmişini xatırlayır və gələcək haqqında birgə düşünmək fürsəti əldə etmiş olurlar", - təbrikdə qeyd olunub.
Təbrikdə o da bildirilib ki, bütün çətinliklərə baxmayaraq bu bayramı bir millət olaraq qeyd etməli və dünyada yaşayan soydaşlarımızın milli problemlərin ətrafında birləşməsinə nail olmalıyıq.
"Biz azərbaycanlıların dünyada yeganə dövləti olan Azərbaycan Respublikasının mövcudluğundan qürur duymalı, dövlətin əsaslarının möhkəmlənməsi, demokratik ənənələrinin formalaşması, dövlətimizin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxası, dayağı olması üçün çalışmalı və Azərbaycanımızı dünya dövlətləri ailəsində millətimizin layiq olduğu yerə qaldırmalıyıq", - təbrikdə vurğulanıb.
Müsavat başqanı İsa Qəmbərin təbrikində bildirilib ki, Azərbaycanın inkişaf etmiş, güclü və demokratik bir dövlətə çevrilməsi indi harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın əsas amalı olmalıdır.
"Bunun üçün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diaspor birlikləri yaratması vacib amildir", - təbrikdə vurğulanıb.
Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Hazırda dünyanın müxtəlif yerlərində - İran, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və başqa ölkələrdə on milyonlarla azərbaycanlı yaşayır.
Azərbaycan Respublikasının yaradılması onların cəmiyyətdəki mövqeyinin fəallaşması üçün güclü təkan olub, milli yüksəlişə, əlaqələrin gücləndirilməsinə tələbat artıb. 1993-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.