...

Azərbaycan diasporu daha da inkişaf edəcək - Dövlət Komitəsinin sədri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Dekabr 2010 14:03 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında dünyada Azərbaycan diaporunun daha da inkişaf etdiyini bildirib.
Azərbaycan diasporu daha da inkişaf edəcək - Dövlət Komitəsinin sədri (ƏLAVƏ OLUNUB)

Beşinci abzasdan sonrakı mətn əlavə olunub.

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir T.Hacıyev/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında dünyada Azərbaycan diaporunun daha da inkişaf etdiyini bildirib.

"Azərbaycan diasporu çox inkişaf edir, artıq yeni və daha keyfiyyətli iş mərhələsinə qədəm qoyuruq", - İbrahimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dərdlərini daha dərindən bilən adamlar diasporun işində fəal iştirak etməyə başlayıblar və bu, işin keyfiyyətini daha da yüksəldir.

"İndi diaspor təşkilatları dünyada Azərbaycan həqiqətlərini daha yaxşı ortaya qoya bilirlər", - İbrahimov qeyd edib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dovlət Komitəsinin əməkdaşları bu gün Fəxri xiyabanı ziyarət ediblər.

Komitə sədri qeyd edib ki, dünyada 370-dən artıq Azərbaycan diaspor təşkilatı var. Həmin təşkilatların Azərbaycan Respublikasının, onun vətəndaşlarının və yaxud Azərbaycana aid olan hər bir kəsin həyatına dair ən xırda məsələdə də müəyyən iştirakı, rolu olub. Ola bilər ki, bir çox məsələləri, gördüyü işləri insanlar hər dəqiqə mətbuat səhifələrində işıqlandırmırlar.

İbrahimov bir müddət öncə Rusiyadakı millətçilərin qafqaz xalqlarına qarşı yönəlmiş hərəkətlərindən də söz açıb.

"Bu hadisələrlə bağlı əməkdaşlarımız Rusiyaya ezam olundu, orada diaspor təşkilatlarının yığıncaqları keçirildi, Ümumrusiya Azərbaycanlıları Konqresinin idarə heyətinin də yığıncağı keçirildi. Baş verə biləcək hər hansı bir hadisənin qarşısının alınması üçün müəyyən profilaktik işlər də görüldü", - o, deyib.

Rusiya Federasiyasındakı rus millətçiləri bir müddət öncə Moskvada yaşayan qeyri-millətlərə qarşı aksiya həyata keçiriblər. İğtişaşlar zamanı həlak olanlar da olub.

RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, dekabrın 15-də Moskvada bir qrup gəncin cinayət törətməsi faktı üzrə "xuliqanlıq", "qətlə cəhd " və "hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi" maddələri üzrə cinayət işləri açılıb.

Komitə sədrinin sözlərinə görə, hər bir hadisəyə diaspor təşkilatları yetərincə reaksiya verirlər.

"Məsələn, Avropa Parlamenti üzvünün Dağlıq Qarabağa səfəri zamanı bütün dünyada olan diaspor təşkilatları Avropa Parlamentinə çox böyük təzyiq göstərdilər. Azərbaycanın dövlət strukturları ilə yanaşı diaspor təşkilatları da bu prosesdə aktiv iştirak etdilər", - İbrahimov qeyd edib.

Ermənistan KİV-i məlumat verib ki, Avropa parlamentarisi, Ermənistan üzrə əsas məruzəçi Tomaş Poreba dekabrın əvvəllərində Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağa gəlib. O, bu barədə rəsmi Bakını məlumatlandırmayıb.

Poreba orada tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirib və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib.

Bununla əlaqədar dekabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşa səfiri Mixal Labendaya etiraz notasını təqdim edib.

Tomaş Poreba Azərbaycanda "persona-non qrata" elan edilib və onun gələcəkdə Azərbaycan ərazisinə gəlişi arzuedilməzdir.

İbrahimov gələn il keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının III Qurultayından da söz açıb.

"Dünya Azərbaycanlıların III qurultayının vaxtı prinsipcə, müəyyənləşib. Qurultay mart ayında  keçiriləcək. Cənab Prezident bu qurultayın keçirilməsi məsələsini dünya azərbaycanlılarına müraciətində də qeyd etdi. Konkret hansı tarixdə keçirilməsi yaxın günlərdə müəyyənləşəcək. Yəqin ki, martın birinci yarısında keçiriləcək", - o, bildirib.

Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə, II Qurultayı isə 2006-cı ildə keçirilib.

İbrahimov onu da qeyd edib ki, 2011-ci ildə Azərbaycan diaspor təşkilatının həyatında çox mühüm hadisələr olacaq: "Dünya Azərbaycanlı Gənclərin Birliyinin yaradılması ideyası, yəqin ki, gerçəkləşəcək. Gələn il keçiriləcək üçüncü qurultay diaspor təşkilatlarının qarşısında duran vəzifələri müəyyənləşdirəcək. Hesab edirəm ki, qurultay da Azərbaycan diaspor təşkilatının həyatında mühüm hadisə olacaq".

Artıq iki ildir ki, Gürcüstan Azərbaycanlılarına orta məktəblərdə Gürcü dili kursları keçirilir. Iki mindən artıq yuxarı sinif şagirdləri Azərbaycan tərəfindən maaliyyələşdirilən bu kurslarda iştirak ediblər. əvvəlki illərdə gürcüstan ali məktəblərinə 17-18 nəfər azərbaycanlı daxil olurdusa, 2010-cu ildə bu rəqəm 540-dan çox olub. Ondan əlavə 20 nəfərə yaxın tələbə Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alır. Bağlanılan müqavilənin şərtlərindən biri odur ki, həmin tələbələr ali məktəbi bitirdikdən sonra gürcüstana geri qaytmalıdırlar. Həmin tələbələr bizim kurslar sayəsində artıq gürcü dilini bildiklərinə görə, Gürcüstanın dövlət orqanlarında işləmək imanı əldə ediblər.

İbrahimov 2011-ci ildə Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatları ilə birlikdə görüləcək tədbirlərdən də söz açıb.

"Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva tərəfindən "xocalıya ədalət" kampaniyası aparılır. Biz hamımız bu kampaniyaya yardım edirik. Çünki belə işlərdə parçalanmalar öz effektini vermir. Bu çox gözəl ideyadır və məqsədyönlü şəkildə həyata keçirilir. Biz də Dövlət Komitəsi olaraq bütün dünyadakı Azərbaycan diasporlarına tövsiyə etmişik ki, Leyla xanımın başladığı bu kampaniyada onların yanında olsunlar. Azərbaycan xalqının həyatında baş verən böyük faciənin dünyada tanınmasında aktiv iştirak etsinlər", - İbrahimov əlavə edib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1 275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Komitə sədri Azərbaycan və Türk diasporlarının birgə fəaliyyətindən də söz danışıb.

"Azərbaycan və Türk diaspor təşkilatları hər zaman bir yerdə olub. Hətta türk diasporu olmayan ölkələrdə azərbaycan diasporu "soyqırım" məsələsi meydana gələrkən öz sözlərini deyirlər, öz səylərini göstərirlər ki, bu məsələnin dünyada tanınmasına nail olunmasın və baş verən hadisələrin reallığını ortaya qoya bilsinlər. Bu, Türkiyəyə xoş gəlsin deyə edilən hərəkətlərimiz deyil. Çünki Türkiyə bizim üçün qardaş ölkədir. Biz bir millət, iki dövlətik. Ona görə də bir millətin iki diasporu olmaz deyə hər yerdə birlikdə fəaliyyət göstəririk. Türk diasporu da Azərbaycana aid olan məsələlərdə çox aktivdir", - o, qeyd edib.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti