Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir M.Əliyev/
Cümə axşamı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayla məcburi köçkünlərin problemini müzakirə edib. Bu barədə Azərbaycan Milli Məclisinin məlumatında deyilir.
Görüş zamanı Əsgərov qeyd edib ki, Ermənistan BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnamə və qərarlarının tələblərinə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var.
Bosniya və Herseqovinanın xarici işlər naziri görüş zamanı öz ölkəsinin də qaçqın problemi ilə üzləşdiyini qeyd edib. "Ona görə də biz sizi yaxşı başa düşürük", - nazir vurğulayıb.
Onun sözlərinə görə, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan hər zaman BMT-də bu məsələ ilə bağlı Bosniya və Herseqovinanın dəstəyinə arxalana bilər.
Görüş zamanı əməkdaşlığın inkişafı üçün mövcud potensialdan səmərəli istifadə edilməsi də müzakirə olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.