...

Argentinanın nüfuzlu biznes qəzetində Azərbaycanın iqtisadi inkişafı barədə məqalə nəşr olunub

Siyasət Materials 28 Yanvar 2011 18:38 (UTC +04:00)
Argentinanın ən nüfuzlu "Ambito Financiero" iqtisadiyyat-biznes qəzetində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin "Azərbaycan iqtisadi inkişaf və sosial çiçəklənmə modeli" adlı məqaləsi nəşr olunub.
Argentinanın nüfuzlu biznes qəzetində Azərbaycanın iqtisadi inkişafı barədə məqalə nəşr olunub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Argentinanın ən nüfuzlu "Ambito Financiero" iqtisadiyyat-biznes qəzetində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin "Azərbaycan iqtisadi inkişaf və sosial çiçəklənmə modeli" adlı məqaləsi nəşr olunub. Bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Məqalədə bildirilir ki, ötən on il dünya iqtisadiyyatının inkişafında "boom" dövrü kimi xarakterizə olunsa da, son üç il ərzində davam edən qlobal maliyyə böhranının dünya iqtisadiyyatını ağır tənəzzülə məruz qoyduğu, maliyyə institutlarını iflasa uğradığı və bir sıra ölkələrdə dərin iz buraxdığına baxmayaraq, Azərbaycan iqtisadiyyatının böhran illərində sabitlik və dinamik inkişafı davam edib. Böhran illərində ölkəmizdə real artımın orta hesabla illik 8 faizdən yuxarı olduğu, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, ölkənin valyuta ehtiyatlarının 29 milyard ABŞ dollarına yüksəldiyi, bunun da ÜDM-in 60 faizindən çox olduğu və bu gün regional inteqrasiya və inkişafın lokomotivi olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə məxsus olduğu qeyd olunur.

Məqalədə Azərbaycan iqtisadiyyatının 2010-cu ilin yekunları üzrə vəziyyəti təhlil olunur, bu xüsusda iqtisadiyyatın müxtəlif sektorlarında əldə edilmiş nailiyyətlər, iqtisadiyyata yatırılan sərmayələrin həcmi və istiqamətlənməsi, xarici ticarət dövriyyəsində müşahidə olunan artım, Azərbaycan şirkətlərinin nəinki ölkə daxilində, habelə xaricdə də artımı və güclənməsi, müasir texnologiyaların tətbiqi ilə müxtəlif sahələrdə yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması barədə məlumat verilir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi ilə bölgələrdə minlərlə yeni müəssisələrin fəaliyyətə başlaması, bu müddət ərzində ölkədə 900 min yeni iş yerinin yaradılması, çoxsaylı səhiyyə müəssisələri, məktəblər, olimpiya mərkəzlərinin tikildiyi, digər sosial layihələrin həyata keçirildiyi, yoxsulluq həddinin 4-5 dəfə azaldığı və bütün bunların da Azərbaycanda gedən inkişaf və əhalinin sosial vəziyyətinin yüksəlməsinin göstəriciləri olduğu bildirilir.

Məqalədə son 10 il ərzində ölkənin iqtisadi inkişafında əldə edilmiş nailiyyətlərə yekun vurularaq ÜDM-in 4 dəfədən, ixrac həcminin 15 dəfədən, dövlət büdcəsinin 15 dəfədən artıq, sərmayələrin 96 və valyuta ehtiyatlarının 31 dəfə artdığı, o cümlədən təkcə 2003-2010-cu illərdə Azərbaycanda illik iqtisadi artımın 17 faiz təşkil etdiyi və bu göstərici üzrə ölkənin dünya liderliyinə yüksəlməsi vurğulanır.

Azərbaycanda yüksək sosial-iqtisadi nailiyyətlərin ölkənin Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinə məruz qaldığı bir şəraitdə əldə edildiyini vurğulayan müəllif Ermənistanın bu siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla birlikdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu və 1 milyon azərbaycanlının öz evlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini bildirir.

Məqalədə 2010-cu ilin yekunları üzrə Azərbaycan iqtisadiyyatına beynəlxalq institutların, o cümlədən Dünya İqtisadi Forumu, BMT-nin İnkişaf Proqramı, "Standard and Poor's" və "Fitch" kimi beynəlxalq reytinq agentliklərinin ölkəmizdəki iqtisadi nailiyyətlərə verdiyi qiymət öz əksini tapıb.

Məqalədə Azərbaycan ilə Argentina arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına da diqqət yönəldilərək, iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olduqları, xüsusilə də əməkdaşlığın XXI əsr üçün açar funksiyasını daşıyacaq enerji, kənd təsərrüfatı, elm və texnologiyalar sahələrini əhatə edə biləcəyi qeyd edilib, həmin sahələr, habelə infrastruktur, tikinti, əczaçılıq və digər sektorlar üzrə mövcud ticarət və sərmayə imkanları təhlil olunub.

Məqaləni http://www.ambito.com/diario/noticia.asp?id=565831 linkindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti