Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Niderland Krallığının ölkəmizdəki səfirini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Usubov nazirliyin funksiya və fəaliyyət istiqamətləri barədə səfir Arjen Peter Uijterlindenə məlumat verib.
Beynəlxalq ekspertlərin iştirakı ilə Avropa standartlarına uyğun yeni qanunların qəbulu, əsas məqsədi insan hüquq və azadlıqlarının təmini, ümumbəşəri dəyərlərin qorunması olan demokratik islahatlar barədə qonağa məlumat verilib.
Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə, Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirib. O, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.
Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan Usubov transmilli mütəşəkkil cinayətkarlığa, onun getdikcə qlobal miqyas alan ayrı-ayrı növlərinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, birgə mübarizə aparılmasının vacibliyini qeyd edib.
Səfir ölkəmizdə diplomatik fəaliyyətə başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə gedən dinamik inkişafın şahidi olduğunu bildirib.
O, Bakıda akkreditə olunmuş digər səfirlərin də mövqeyini ifadə edərək, Azərbaycanda cinayətkarlığın səviyyəsinin çox aşağı olduğunu, normal yaşamaq və işləmək üçün rahat və təhlükəsiz şərait yaradıldığını məmnunluqla qeyd edib.