Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Nazirlər Kabineti "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nı təsdiq edib. Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kabinetin qərarı "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli fərmanına əsasən qəbul olunub.
Təsdiq olunmuş qaydalara əsasən, köç pulu və birdəfəlik kompensasiyalar xüsusi və hərbi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan prokurorluq işçisinə və onun ailə üzvlərinə verilir. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar bir sıra ödənişlər nəzərdə tutulub. Bu ödənişlər işçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci, yolda olan müddət üçün gündəlik xərc, işçiyə və onun ailə üzvlərinə ev əşyalarının (əmlakın) daşınması üçün nəqliyyat xərci, işçiyə birdəfəlik kompensasiya və işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya verilməsindən ibarətdir.