Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir S.Ağayeva/
Xocalı faciəsinin növbəti ildönümü İordaniyada geniş qeyd ediləcək.
Fevralın 20-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Əmmanda tematik mətbuat konfransı keçirərək, faciə və onun nəticələri haqqında danışacaq. Fevralın 21-də İordaniya Senatının hamiliyi ilə paytaxtda Kral Hüseyn adına elit klubda ölkənin məşhur jurnalisti Sultan Xəttabın Azərbaycana həsr edilən mühazirəsi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə səfir Araslı bildirib.
Orada Xocalı faciəsinə həsr edilən tematik sərgi və fotosərgi də təşkil olunacaq.
Fevralın 22-də Azərbaycan-İordaniya Dostluq Cəmiyyəti İordaniya parlamenti və hökuməti üzvlərinin iştirak edəcəyi Xocalı faciəsi qurbanlarının xatirə gecəsini keçirəcək.
İordaniyanın dövlət kanalında Azərbaycan diplomatının kanal rəhbərliyinə təqdim etdiyi Xocalı faciəsi haqqında sənədli film göstəriləcək.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.