...

Çexiya Prezidentinin Azərbaycana səfəri gözlənilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Fevral 2011 15:41 (UTC +04:00)

Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər 14:53-də yayılıb)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Y.Ostapenko/

Çexiya Respublikasının Prezidenti Vaslav Klausun mayda Azərbaycana rəsmi səfəri gözlənilir.

"Çexiya Prezidentinin Azərbaycana səfərinin təşkili üzrə işlər gedir. Çox güman ki, səfər mayda baş tutacaq", - Çexiyanın Bakıdakı səfiri Radek Matula Trend-ə bildirib.

Səfirin sözlərinə görə, səfər iki dövlət başçısının 2009-cu ilin mayında Praqada birinci "Şərq tərəfdaşlığı" sammitində görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti üzrə baş tutacaq.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya Respublikasının səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. Bundan iki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi işə başlayıb.

Çexiya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər iqtisadiyyatdan mədəni dialoqa qədər bir çox sahələrdə inkişaf edir.

İkitərəfli münasibətlərin aktivləşdirilməsində Çexiya Respublikası rəsmi şəxslərinin son üç il ərzində Azərbaycana səfərləri mühüm rol oynayır. Çexiyanın yüksəkrütbəli nümayəndələrindən 2008-ci ildə XİN başçısı Karl Şvarsenberq, Baş nazir Mirek Topolanek, Senatın sədri Prşemısl Sobotka, maliyyə naziri Eduard Yanota və müdafiə naziri Martin Bartak 2009-cu ildə Bakıda olub.

2009-cu ildə Çexiya Respublikasına Azərbaycan Prezidenti İlham Əliyev ("Şərq tərəfdaşlığı" sammiti çərçivəsində)və maliyyə naziri Samir Şərifov, bir il əvvəl isə XİN başçısı Elmar Məmmədyarov səfər edib.

Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır.

İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.

Azərbaycana ixrac olunan əsas çex malları arasında tikinti və yük maşınları, inşaat elementləri, körpülərin inşası üçün elementlər, çap maşınları, dərmanlar, kosmetik vasitələr, yuyucu vasitələr, şüşə məmulatlar var.

Azərbaycandan idxal olunan əsas çex malları: neft, pambıq və meşə fındığıdır. Çexiya Azərbaycandan idxal olunan neftin hesabına ölkənin neftə olan tələbatının 20 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti