...

Azərbaycanda fəxr edilən amil insanların tolerantlığı, dinlərin sərbəst inkişaf etməsinin təminidir - Əli Həsənov (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Fevral 2011 12:35 (UTC +04:00)
Cəmiyyət yalnız qanunlarla deyil, dini inanclar kimi mənəvi tələblərlə də öz fəaliyyətini qurur. Dövlətin vəzifəsi də elmlə din arasında balans yaratmaqdır.
Azərbaycanda fəxr edilən amil insanların tolerantlığı, dinlərin sərbəst inkişaf etməsinin təminidir - Əli Həsənov (ƏLAVƏ OLUNUB)

Deputat Rəbiyyət Aslanova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikirləri əlavə olunub (İlk xəbər 11:50-də yayılıb)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir M.Əliyev/

Cəmiyyət yalnız qanunlarla deyil, dini inanclar kimi mənəvi tələblərlə də öz fəaliyyətini qurur. Dövlətin vəzifəsi də elmlə din arasında balans yaratmaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şənbə günü "Cəmiyyət və din" mövzusunda təşkil olunan "dəyirmi masa"da Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycanda fəxr edilən amil insanların tolerantlığı, bütün dinlərin sərbəst inkişaf etməsinin təmin olunmasıdır. Azərbaycanda tolerant mühitin inkişaf etdirilməsi yalnız dövlət qurumlarının, dini qurumların vəzifəsi deyil, eyni zamanda, elm xadimlərinin qarşısında duran vəzifədir", - Həsənov deyib.

Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi, professor Əlikram Abdullayev "dəyirmi masa"da bildirib ki, Azərbaycanda dövlət-din, din-cəmiyyət münasibətləri dünya ölkələri üçün cəlbedici model kimi qiymətləndirilir. Onun sözlərinə görə, din cəmiyyətin həyatında böyük rol oynayır, insanların mənəvi tələbatını ödəyir.

"Dəyirmi masa"nın məqsədi ölkənin elmi ictimaiyyətinin cəmiyyət və din münasibətlərinin daha ahəngdar qurulmasını müzakirə etməkdir", - Abdullayev bildirib.

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "dəyirmi masa"da bildirib ki, bu gün dünyada insanların dinə olan meyli artmaqdadır.

Onun sözlərinə görə, Azərbaycanda bu gün insanların şüuruna təsir göstərmək istəyən dini təriqətlər mövcuddur - hicab problemi, islam partiyası adı ilə siyasətə qarışmaq cəhdləri.

Aslanova qeyd edib ki, tolerantlıq heç də bu cür amillərə loyal münasibət bəslənməsi demək deyil.

"Bu gün Azərbaycan gerçəkliyində bütün konfensiyalara bərabər hüquq verilir, heç bir dinə üstünlük verilmir", - Aslanova bildirib. Komitə sədri deyib ki, bu gün Azərbaycanda dini konfensiyaların öz aralarında münasibətlərinin inkişaf etdirilməsinə nail olunmalıdır.

Deputat çıxışında deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin statusu müəyyənləşdirilməli və imkanları genişləndirilməlidir.

"Bu institusional qurum necə ola bilər ki, ictimai qurum kimi fəaliyyət göstərsin?" deputat deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov "dəyirmi masa"da bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi dini fəaliyyət sahəsində ciddi düşünülmüş, tarazlaşdırılmış siyasətin həyata keçirilməsini tələb edir.

"Əks təqdirdə, bəzi qruplar öz məqsədlərinə çatmaq üçün din adından danışmaq cəhdləri göstərirlər, ölkədə destabillik yaranmasına yönələn addımlar atırlar", - Orucov deyib.

Xəbər lenti

Xəbər lenti