ABŞ, Vaşinqton, 19 fevral /Trend, xüsusi müxbir L.Katık/
Cümə günü Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi - aparıcı "beyin mərkəzi" CSIS-də "Cənubi Qafqaza və Xəzərə münasibətdə ABŞ-ın strategiyası" adlı konfrans keçirilib.
Konfransda ABŞ və Cənubi Qafqaz ölkələrinin tanınmış politoloqları, eləcə də Cənubi Qafqaz dövlətlərindən rəsmi şəxslər iştirak ediblər. Konfransda Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" fondunun aparıcı eksperti Ariel Koen, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, rusiyalı ekspert Sergey Markedonov, energetika üzrə ekspert Qreq Saunders, ABŞ Hərbi Kollecinin professoru Stiven Blank və digər ekspertlər iştirak ediblər.
Konfransda müzakirələrin əsas mövzuları ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətləri, regionda hər bir oyunçunu rolu, regionun Avropanın enerji təhlükəsizliyinin təminatında rolu və digər məsələlər olub.