...

Dini Müəllimlər və Tədqiqatçılar Assosiasiyası İranda müxalifət liderlərinin həbsini tənqid edib

Siyasət Materials 3 Mart 2011 12:22 (UTC +04:00)
İranın Qum Dini-Elmi Mərkəzinin islahatçı ruhanilər təşkilatı olan Müdərrislər və Tədqiqatçılar Assosiasiyası (Association of Researchers and Teachers ) müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin və onların həyat yoldaşlarının ev dustağı edilməsini tənqid edib.
Dini Müəllimlər və Tədqiqatçılar Assosiasiyası İranda müxalifət liderlərinin həbsini tənqid edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Cəfərov/

İranın Qum Dini-Elmi Mərkəzinin islahatçı ruhanilər təşkilatı olan Müdərrislər və Tədqiqatçılar Assosiasiyası (Association of Researchers and Teachers ) müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin və onların həyat yoldaşlarının ev dustağı edilməsini tənqid edib. Bu barədə Trend Assosiasiyanın rəsmi xəbər saytı olan /majmaqom.com/ portalına istinadən məlumat verir.

Assosiasiya yayımladığı bəyanatda hökumətdən xalqın qanuni və şəri (dini) hüquqlarının təmin edilməsini və siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. Bəyanatda region ölkələrində baş vermiş hadisələr və əhalinin azadlıq tələbləri ilə çıxış etmələri də nümunə göstərilərək hökumətə xəbərdarlıq edilib ki, gec olmadan xalqın istəklərini icra etsin.

Müxalifət saytlarının məlumatına əsasən, İran hakimiyyəti iki həftə bundan əvvəl Musəvi və Kərrubinin evinə gediş-gəlişi qadağan edib. Onlar ev dustağı ediliblər. Kərrubinin saytı "Sahamnews"-un məlumatına görə, müxalifət liderləri Hişmətiyyə həbsxanasında saxlanılırlar.

Martın 1-də İranda müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbsdən azad edilməsi tələbi ilə Tehranın müxtəlif yerlərində aksiya keçirənlərlə polis arasında qarşıdurma yaranıb. Musəviyə yaxın olan "Kalame" saytının (kaleme.com) məlumatına əsasən, polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və etirazçıları dəyənəklə dağıdıb.

Martın 2-də isə Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbs və ev dustağı edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Musəvi və Kərrubinin ev dustağı edilərək istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Dövlətabadi deyib ki, əcnəbi xəbər saytları yalan məlumatlar yayır, Musəvi və Kərrubi öz evlərindədir, onlar barəsində "ev dustağı" sözünü işlətmək düzgün deyil.

Xəbər lenti

Xəbər lenti