...

Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq memorandumu imzalayacaqlar

Siyasət Materials 4 Mart 2011 10:36 (UTC +04:00)
Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq edəcəklər.
Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq memorandumu imzalayacaqlar

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq edəcəklər. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzinin direktoru, xarici işlər naziri Əhmət Davudoğlunun müşaviri, professor Bülənt Arasın başçılıq etdiyi nümayəndə heyəti martın 5-dən 7-nə qədər Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə XİN nəzdində Strateji Araşdrmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

Türkiyəli qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edəcək, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaqlar.

Azərbaycana səfər çərçivəsində Bülənt Aras və onun başçılıq etdiyi nümayəndə heyəti cəbhə xəttində yerləşən "N" saylı hissəyə baş çəkəcəklər. Həmçinin Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri" mövzusunda mühazirə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti