...

Azərbaycan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci nazirlər müşavirəsinə hazırlığa başlayıb

Siyasət Materials 12 Mart 2011 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Türkiyə məqsədi əlaqələrin möhkəmləndirilməsi olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci nazirlər müşavirəsinə hazırlığa başlayıb. Birinci iclas gələn ay keçiriləcək. Bu barədə Trend Türkiyənin "Hürriyet Daily News" qəzetinə istinadən məlumat verir.

İki ölkənin xarici işlər naziri Elmar MəmmədyarovƏhməd Davudolğlu Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında yüksək səviyyədə görüşə hazırlıq üçün apreldə görüşəcəklər. Görüşün tarixi hələlik müəyyən edilməyib, hər halda bu, Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.

Prezident İlham Əliyev və Baş nazir Ərdoğan ötən ilin sentyabrında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında müqavilə imzalayıblar.

"Bu mühüm razılaşma faktiki olaraq iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini əks etdirir və eyni zamanda onları bir pillə yüksəldir", - Azərbaycan xarici ikşlər nazirinin müavini Araz Əzimov "Hürriyyət Daily News" qəzetinə müsahibəsində bildirib.

Əzimov cümə günü Ankarada Türkiyənin xarici işlər naziri Əhməd Davudolğlu ilə görüşüb.

"Bu saziş strateji əhəmiyyəti olan bir çox məsələləri əks etdirir, eləcə də iki ölkə arasında münasibətlərin səviyyəsini qarşılıqlı kömək, fövqəladə vəziyyətlərdə, yaxud böhran dövründə yardım səviyyəsinədək qaldırır. Hər iki ölkə xüsusilə də çətin vaxtlarda, iki dövlətdən birinin təhlükəsizliyi üçün birbaşa təhdid olan zaman bir-birini dəstəkləmək öhdəliyini götürüblər", - Əzimov bildirib.

Şuraya Azərbaycan və Türkiyədən bir neçə nazir daxil olacaq. Şuranın hər bir xüsusi iclası üçün nazirlərin tərkibi dəyişdiriləcək. Əzimov deyib ki, hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri yaxın vaxtlarda gündəliyi işləyib hazırlamaq üçün tez-tez görüşəcəklər.

"Sistem kifayət qədər yaxşı hazırlanıb. İki dövlət Prezident İlham Əliyevin və baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında təmsil olunacaq", - Əzimov bildirib.

"Şuranın strukturunda gündəliyin hərbi əməkdaşlıq, iqtisadi inkişaf, mədəni əlaqələr və energetika kimi müxtəlif bəndləri ilə məşğul olacaq komissiya olmalıdır. Komissiya onlara yüksək səviyyədə baxmaq üçün təkliflər hazırlayacaq nazirlər səviyyəsində işləyəcək", - o deyib.

Türkiyə bu günədək artıq öz qonşuları Suriya, İraq, Yunanıstan və Rusiya ilə strateji əməkdaşlıq mexanizmləri yaradıb.

"Mən deməzdim ki, biz kiminsə təcrübəsini təkrarlayırıq", - Əzimov Türkiyə-Azərbaycan mexanizminin Türkiyənin artıq özünün bəzi qonşuları ilə yaratdığı mexanizmlə oxşar olması barədə sualı cavablandırarkən deyib.

"Mənə elə gəlir ki, Azərbaycan və Türkiyə unikal əlaqələrə malikdirlər. Bu əlaqələr Türkiyənin, məsələn Suriya və ya digər istənilən ölkə ilə mövcud olan əlaqələrindən fərqlənir, çünki Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq əlaqələri və xalqların ümumi cəhətləri üzrə qurulur", - Əzimov bildirib.

Əzimovun sözlərinə görə, iki millət bir-birinə çox yaxındır. "Ona görə də bu şuranın yaradılması zamanın tələbidir və tamamilə təbii addımdır", - o deyib.

Türkiyə ilə Azərbaycan arasında mövcud olan mexanizm və iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya da Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində dəstəklənəcək.

Xəbər lenti

Xəbər lenti