...

BƏƏ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycanın mövqeyini dəstəkləyir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 22 Mart 2011 12:09 (UTC +04:00)

Azərbaycan XİN-in məlumatı əlavə olunub (ilk xəbər saat 00:12-də dərc olunub)

Azərbaycan, Bakı, 21 mart / Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bazar ertəsi bu ölkənin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nahyan ilə görüşüb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutan görüşdə hər iki nazir Azərbaycan ilə BƏƏ arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki, səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Məmmədyarov Azərbaycanın xarici siyasətində ərəb dünyası ilə əlaqələrə xüsusi önəm verildiyini, ərəb ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayaraq, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin səylərinin BƏƏ tərəfindən dəstəklənməsinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.

Şeyx Abdulla bin Zayed Əl Nahyan öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycan tərəfinin mövqeyini yüksək qiymətləndirib və Azərbaycanın 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin BƏƏ tərəfindən dəstəkləndiyini bildirib. Bununla yanaşı, Şeyx Əl Nahyan Azərbaycan tərəfinin qısa bir müddət ərzində BƏƏ-nin Azərbaycanda səfirliyinin açılmasına icazə verdiyinə görə öz minnətdarlığını bildirərək, yaxın zamanda səfirin də təyin olacağını deyib.

Görüşün sonunda "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Xəbər lenti

Xəbər lenti