...

Meksika enerji sektorunda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır - nazir

Siyasət Materials 29 Mart 2011 15:07 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Patrisia Espinoza Kanteyano ilə görüşüb.
Meksika enerji sektorunda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır - nazir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Patrisia Espinoza Kanteyano ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in mətbuat xidmətindən bildiriblər.

Xanım Espinoza Azərbaycanla ikitərəfli əlaqələrə böyük önəm verdiyini bildirib. Meksikalı nazir ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, enerji sektorunda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Meksikanın gənc enerji emalı sahəsində fəaliyyət göstərən mütəxəssislərin və gənclərin Azərbaycan Neft Akademiyasında təhsil almaq imkanlarının yaradılmasında maraqlı olduğunu bildirib.

Məmmədyarov Azərbaycanın Latın Amerikası regionunda ilk səfirliyinin məhz Meksikada təsis edilməsini Azərbaycanın Meksika ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyinin bariz nümunəsi olduğunu bildirib.

Görüş zamanı ikitərəfli əlaqələr, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın davam edən uğurlu enerji siyasəti ilə bağlı həmkarına geniş məlumat verən nazir Məmmədyarov Meksikanın da neft istehsal edən dövlət olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Eyni zamanda, yüksək texnologiyalara məxsus olan Meksika ilə telekommunikasiya sahəsində əməkdaşlıq edilməsinin mümkünlüyü qeyd edilib.

Daha sonra Nazir Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə BMT islahatları, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Həmin gün Elmar Məmmədyarov Meksika XİN-in Diplomatik Akademiyasında Azərbaycanın xarici siyasəti ilə bağlı təşkil edilmiş elmi konfransda çıxış edib. Meksika Konqresi, həmçinin ölkənin dövlət və hökumət üzvlərinin, siyasi-ictimai dairələrinin, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə Məmmədyarov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər haqqında məlumat verib, iqtisadiyyat, xüsusilə enerji sahəsindəki uğurlar barədə iştirakçıları məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti