...

Avropa dəyərləri bir dövlətin ərazisinin digəri tərəfindən işğalını nəzərdə tutmur - Azərbaycan XİN

Siyasət Materials 14 Aprel 2011 13:35 (UTC +04:00)
Ermənsitan prezidenti Serj Sarkisyandan - sözdə deyil, əməldə mülki uçan obyektləri vuran, mülki əhalinin məhvinə və Xocalı soyqrımına bilavasitə icazə verən dövlət rəhbərindən belə bəyanat eşitmək qəribədir.
Avropa dəyərləri bir dövlətin ərazisinin digəri tərəfindən işğalını nəzərdə tutmur - Azərbaycan XİN

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Ermənsitan prezidenti Serj Sarkisyandan - sözdə deyil, əməldə mülki uçan obyektləri vuran, mülki əhalinin məhvinə və Xocalı soyqrımına bilavasitə icazə verən dövlət rəhbərindən belə bəyanat eşitmək qəribədir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov çərşənbə günü Sloveniya Prezidenti Danilo Türklə Lyublyanada birgə mətbuat konfransında Sarkisyanın verdiyi bəyanatı şərh edərkən deyib.

"Ermənistan sözün əsl mənasında mülki əhaliyə qarşı güc tətbiqi siyasətinə sadiqliyini təsdiq edərək, doqquzyaşlı oğlanın ölümünə icazə verən ölkədir", - Poluxov qeyd edib.

Azərbaycan ərazisinin 20 faizini işğal edən ölkənin rəhbəri Avropa inkişaf yoluna sadiqlikdən danışır. Bu, ən azı qəribə görünür. XİN nümayəndəsi belə deyib.

"Avropa dəyərləri bir dövlətin ərazisinin digəri tərəfindən işğalını və ya beynəlxalq səviyyədə tanınan sərhədlərin zorla dəyişdirilməsi cəhdlərini nəzərdə tutmur", - Poluxov qeyd edib.

"Ermənistanla qonşu ölkələr Avropaya inteqrasiya yolundan kənara çıxıblar", - Ermənistan prezidenti Serj Sarkisyan hesab edir. "Novosti Armeniya" saytı xəbər verir.

"Regionumuzda əslində, heç də ölkələrin hamısı Avropaya inteqrasiya yolunun dinc, azad və təhlükəsiz inkişafla üst-üstə düşməsini təsəvvür etmir", - Sarkisyan çərşənbə günü Sloveniya Prezidenti Danilo Türklə Lyublyanada birgə mətbuat konfransında deyib.

Sarkisyan hesab edir ki, Ermənistanın bilavasitə qonşusu Avropa yolunu təhrif olunmuş şəkildə qəbul edərək, Avropa regionuna neft və qaz üçün əlverişli bazar kimi baxır.

O qeyd edib ki, bununla belə, heç bir regional inkişaf Ermənistanı seçdiyi yoldan dönməyə məcbur edə bilməz. "Ermənistan Avropa İttifaqı və Aİ-yə üzv ölkələrlə xüsusilə, "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq etmək əzmindədir", - Sarkisyan bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti