Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Dövlətimizin başçısı körpünün texniki göstəricilərini və Araz çayının yeni qolunun inşasını əks etdirən sxemə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, körpünün tikintisinə ötən ilin oktyabrında başlanmışdır. Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində inşa edilən körpünün uzunluğu 230 metr, eni isə 12,5 metrdir. Körpünün istifadəyə verilməsi Bəhrəmtəpə-Biləsuvar istiqamətində avtomobillərin hərəkətini asanlaşdıracaqdır.
Prezident İlham Əliyevə Araz çayının yeni qolunun üzərində aparılan işlər barədə ətraflı məlumat verildi.
Sonra dövlətimizin başçısı körpünün açılışını bildirən lenti kəsdi.
FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı