...

Azərbaycanın siyasi partiyaları ATƏT PA-nın sədrinə Dağlıq Qarabağla bağlı narahatlıqlarını bildiriblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 May 2011 17:17 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bildiriblər.
Azərbaycanın siyasi partiyaları ATƏT PA-nın sədrinə Dağlıq Qarabağla bağlı narahatlıqlarını bildiriblər (ƏLAVƏ OLUNUB)

Əli Əhmədovun fikirləri əlavə olunub (İlk xəbər saat 16:21-də yayılıb)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bildiriblər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Görüşdə əsas etibarilə siyasi partiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Hesab edirəm ki, bu, tamamilə qanuna uyğundur. Çünki Minsk qrupu ATƏT çərçivəsində fəaliyyət göstərir. Təəssüf hissi ilə demək lazımdır ki, uzun müddət keçməsinə baxmayaraq Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində səmərəli fəaliyyət göstərə bilməyib", - Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində ATƏT-ə və onun Minsk qrupuna ciddi əsaslara söykənən tənqidi fikir mövcuddur. Bütün bunlar ATƏT PA sədrinin diqqətinə çatdırılıb.

"Biz Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin mövqelərini ifadə etməklə bütövlükdə Azərbaycan cəmiyyətinin bu məsələyə yanaşmasını ATƏT-in rəsmi dairələrinə çatdıra biləcəyik. Görüşdə digər məsələlər ətrafında ayrı-ayrı siyasi təşkilatların fikirləri səsləndirildi. Kifayət qədər səmərəli bir görüş oldu. Belə görüşlər Azərbaycanda bu vaxta qədər çox olub və yəqin ki, bundan sonra da olacaq. Mən bu görüşlərin əhəmiyyətini tamamilə heçə endirmək istəmirəm. Münaqişənin nizama salınması üçün bu cür görüşlərin əhəmiyyəti var. Əlbəttə, münaqişənin həll olunması kontekstində də belə görüşlərin faydası var. Ədalətli sülhün əldə olunması nöqteyi-nəzərindən bu görüşləri faydalı hesab edirəm, amma belə görüşlərin səmərəsi artırılmalıdır. Biz istəyirik ki, bu görüşlər sadəcə fikir mübadiləsi çərçivəsindən kənara çıxmayan görüşlərə çevrilməsin. Bu fikirlər də ATƏT PA-nın rəsmisinin diqqətinə çatdırıldı", - o qeyd edib.

Əhmədovun sözlərinə görə, görüş zamanı ermənilərin Orta Asiyadan Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi məsələsinə də toxunulub.

Əhmədov deyib ki, görüş zamanı Azərbaycanda demokratiyanın vəziyyəti də müzakirə olunub.

"Azərbaycanda demokratiya sahəsində ciddi addımlar atılıb. Azərbaycanda demokratik təsisatlar mövcuddur, demokratik dəyərlər təsbit olunub. Azərbaycan bu istiqamətdə irəliyə gedir və bundan sonra da istər ATƏT-in qurumları ilə, istərsə də digər təşkilatların qurumları ilə Azərbaycanın bu sahədə əməkdaşlığı davam edəcək. Biz Azərbaycanın demokratikləşməsinə bir proses kimi baxırıq və hesab edirəm ki, bu proses kifayət qədər uğurla gedir. Digər partiyalar da öz fikirlərini ATƏT PA sədrinin diqqətinə çatdırdılar. Mən hesab edirəm ki, ATƏT PA-nın sədri Azərbaycanla bağlı kifayət qədər informasiyalara malikdir. Azərbaycanın inkişafı göz qabağındadır. Məsələlərə obyektiv yanaşmaq meylini hiss etdim. Güman edirəm ki, ATƏT PA sədrinin Azərbaycanda keçirdiyi görüşlər ölkə haqqında daha əsaslı və obyektiv fikrin formalaşmasına kömək edəcək", - o qeyd edib.

Görüşdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, VHP sədri Sabir Rüstəmxanlı, BQP sədri Fazil Qəzənfəroğlu, AVP sədri Fəzail Ağamalı, ALP sədri Əvəz Temirxan, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və başqaları iştirak edib.

ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) sədri Petros Eftimiu mayın 12-13-də Azərbaycanda səfərdədir. Bu gün o, müxalifət və iqtidar partiyalarının rəhbərləri ilə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti