...

Avropa Parlamenti Azərbaycan ilə dialoqu bərabər tərəfdaş kimi aparır - Yerji Buzek (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 21 May 2011 10:57 (UTC +04:00)
Yerji Buzek Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət haqqında qətnaməsini tərəfdaşlar arasında təbii dialoqun təzahürü adlandırıb.
Avropa Parlamenti Azərbaycan ilə dialoqu bərabər tərəfdaş kimi aparır - Yerji Buzek (ƏLAVƏ OLUNUB) (FOTO)

5-ci abzasda və 12-ci abzasdan sonra Avropa Parlamenti sədrinin fikirləri əlavə olunub (ilk xəbər 20 may saat 20:29-da yayılıb)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Y.Ostapenko/

Yerji Buzek Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət haqqında qətnaməsini tərəfdaşlar arasında təbii dialoqun təzahürü adlandırıb.

"Bu, tərəfdaşların təkcə onların razı olduqları məsələləri deyil, həm də onları narahat edən məsələləri müzakirə edən zaman təbiidir. Belə dialoq ona görə əhəmiyyətlidir ki, əməkdaşlıqda irəliyə gedəsən", - Avropa Parlamentinin sədri Yerji Buzek cümə günü Bakıda sonuncu mətbuat konfransında deyib.

Mayın 12-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyət haqqında tənqidi qətnamə qəbul edib.

Bakıda belə sənədin Azərbaycan tərəfi ilə razılaşdırılmadan qəbulunu mənfi qarşılayıblar. Azərbaycan Milli Məclisi həmin qətnamə ilə bağlı Avropa Parlamentinə etiraz ünvanlayıb.

"Qəbul edilən qətnamənin ruhuna Avropa Parlamenti ilə Azərbaycanın əməkdaşlığının böyük potensialını nəzərə alaraq baxmaq lazımdır , - o deyib. - Azərbaycan həqiqətən Avrdopa ölkəsidir və biz əsl avropalı tərəfdaş ruhunda dialoq aparırıq".

Cümə günü Buzek özünün Cənubi Qafqaz regionuna ilk üçgünlük səfərini başa vurub.

"Azərbaycan tamamilə Avropa ölkəsi kimidir və biz Azərbaycan ilə dialoqu bərabər tərəfdaş kimi aparırıq", - o bildirib.

Bakıda Buzekin Prezident, parlament sədri, vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələri ilə görüşləri keçirilib.

Buzekin sözlərinə görə, Azərbaycan rəhbərliyi ilə görüşlərində o qeyd edib ki, insan hüquqları, KİV azadlığı, söz və sərbəst toplaşmaq azadlığı məsələsi demokratiyanın əsasıdır.

"Azərbaycanın özü üçün bəzi həssas məqamları var. İlk növbədə, bu, ölkənizin müstəqillyidir. Bir daha qeyd edirəm: Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avropa İttıfaqı üçün çox əhəmiyyətlidir", - o əlavə edib.

Onun sözlərinə görə, Avropa Parlamentinin və Avropa İttifaqının da özünün həssas mövzuları var və bu məsələ insan hüquqları və söz azadlığıdır.

Buzek əsas insan hüquq və azadlıqlarının qorunması üçün ölkədə islahatların davam etdirilməsinin zəruriliyini qeyd edərək, Azərbaycan hökumətinin bu istiqaməti inkişaf etdirməyə hazır olmasını müsbət qiymətləndirib.

Avropa Parlamenti sədrinin sözlərinə görə, Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi tamamilə onun seçimidir. Hərçənd ki, demokratik islahatlar ölkəyə və xalqa yalnız fayda verə bilər.

"Mənim səfərimdə məqsəd Azərbaycanı hansısa qərarın qəbuluna vadar etdirmək deyil, çünki Azərbaycan müstəqil ölkədir. Mən təcrübəni bölüşməyə gəlmişəm", - Buzek deyib.

Aİ ölkələrinin təcrübəsinə əsaslanan Buzek bir daha qeyd edib ki, vətəndaş cəmiyyətinin və demokratik sistemin qurulması uzunmüddətli perspektivdə sabitliyi və çiçəklənməni bərqərar etməyə imkan verir.

"Seçim Azərbaycanındır. Biz isə öz təcrübəmizlə kömək edə bilərik. Belə ki, 20 il əvvəl cənub-şərqi Avropa ölkələri bu gün Azərbaycanda mövcud olan oxşar reallıqlarda idilər", - Yerji Buzek deyib.

Xəbər lenti

Xəbər lenti