...

Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilməyə fərqli yanaşırlar

Siyasət Materials 25 May 2011 11:17 (UTC +04:00)
Azərbaycanda müzakirəsi gözlənilən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi barədə müxtəlif fikirlər mövcuddur.
Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilməyə fərqli yanaşırlar

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müzakirəsi gözlənilən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi barədə müxtəlif fikirlər mövcuddur.

Parlamentdə təmsil olunan müxalif Ədalət Partiyasının sədri İlyas İsmayılov çərşənbə günü Trend-ə bildirib ki, yeni qanun layihəsi yalnız partiyaların fəaliyyətinin daha da yaxşılaşdırılmasına və işinin rahatlaşmasına xidmət etməlidir.

"Mən hələ ki, yeni qanun layihəsi ilə tanış deyiləm, lakin hesab edirəm ki, qəbul ediləcək yeni qanun partiyaların fəaliyyətinə maneçilik törətməməli, əksinə onların işinin daha da rahatlaşmasına yardımçı olmalıdır", - İsmayılov deyib.

O, siyasi partiyaların dövlət büdcəsindən maaliyyələşməsi məsələsinə də münasibət bildirib.

İsmayılov hesab edir ki, parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq rəsmi dövlət qeydiyyatından keçən siyasi partiyaya dövlətin maliyyə dəstəyi göstərilməlidir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Trend-ə açıqlamasında deyib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun normaldır. Bununla belə, qanuna siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi üçün bəzi əlavələr etmək olar.

"Bu qanunun qəbulundan sonra çox güman ki, siyasi partiyaların yenidən qeydiyyatı məsələsi gündəmə gələ və bunun nəticəsi olaraq, bir sıra müxalifət partiyası qeydiyyatdan keçməyə bilər. Hesab edirəm ki, həmin qanunla siyasi partiyaların yenidən qeydiyyatı məsələsi gündəmə gəlməməlidir", - o vurğulayıb.

Partiyaların maliyyələşməsi məsələsinə gəlincə, Əliyev qeyd edib ki, parlamentdə təmsil olunma siyasi partiyaların maliyyələşməsi məsələsində meyar kimi götürülməməlidir.

"Elə meyar seçilməlidir ki, partiyalar obyektiv şəkildə maliyyələşmə prosesinə cəlb oluna bilsinlər. Bu meyarlar üzvlərin sayı, ölkə üzrə əhatə olunması, seçkilər nəticəsində yığılan səslər olmalıdır", - Əliyev qeyd edib.

Bundan öncə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Əli Əhmədov Trend-ə bildirmişdi ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinin maliyələşməsinə ehtiyac var, amma siyasi partiyaların fəaliyyət göstərməsi üçün yeganə şərt onun dövlət tərəfindən maliyələşməsi deyil. Əhmədov qeyd edib ki, dövlət parlamentdə təmsil olunma prinsipləri əsasında partiyaların maliyələşməsinə yardım göstərə bilər.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti