Gürcüstan, Tbilisi, 27 may / Trend, müxbir N.Kirtsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili hesab edir ki, ölkədə "beşinci kolonna" (geniş mənada düşmənin istənilən məxfi casusları: təxribatçılar, sabotajçılar, casuslar, araqarışdıranlar, nüfuz agentləri) açıq şəkildə fəaliyyət göstərir.
"Ona görə də "beşinci kolonna"nın fəaliyyət göstərdiyi şəraitdə Gürcüstan siyasətində oyunun insani qaydalarını yaratmaq lazımdır", - Trend-in məlumatına görə, Saakaşvili Batumidəki Ədliyyə evinin açılışında "Demokratik hərəkat"ın lideri Nino Burcanadze ilə onun oğlu Anzor Bisadzenin qalmaqallı telefon söhbətinin dərc olunmasına toxunarkən deyib.
Gürcüstan DİN-in dərc etdirdiyi audioyazıda söhbət inqilabi vəziyyətin yaradılmasının və Gürcüstan ordusuna müqavimət göstərmək üçün Rusiya xüsusi təyinatlılarının ölkəyə gətirilməsinin vacibliyindən gedib. Bununla yanaşı, telefon söhbətində onların hər ikisi insan qurbanlarının zəruriliyi haqqında danışıblar. Burcanadzenin özü bunun onun oğlu ilə söhbəti olduğunu etiraf etsə də, "ayrı-ayrı ifadələrin mətndən çıxarıldığını" bildirib.
Gürcüstan Prezidenti qeyd edib ki, Parlamentin eks-spikeri Nino Burcanadzenin və onun silahdaşlarının planları arxasında "böyük ordu, böyük təhlükəsizlik xidməti, onların başlarını itirdikləri böyük pulla ələ alınma və neft, eləcə də imperiya iddiaları durur".
Bununla yanaşı, Prezident bəyan edib ki, özünü televiziya vasitəsilə telefon danışıqlarının açıqlanmasının əleyhdarı hesab edir, lakin ictimaiyyət eks-spikerin oğlu ilə qalmaqallı telefon söhbətini dinləməli idi.
Saakaşvilinin sözlərinə görə, Gürcüstanda "çox yaxşı əks-kəşfiyyat xidməti və polis, bütün səviyyələrdə kifayət qədər təcrübəli hakimiyyət, başlıcası isə fəxr olunmağa layiq cəmiyyət mövcuddur".