...

Türkiyədə koalisiya hökuməti formalaşdırılacaq - deputatlar

Siyasət Materials 10 İyun 2011 19:54 (UTC +04:00)
Türkiyədə keçiriləcək parlament seçkilərində partiyalardan heç biri tam üstünlüklə qələbə qazanmayacaq, buna görə də Türkiyə koalisiya hökuməti tərəfindən idarə ediləcək.

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə keçiriləcək parlament seçkilərində partiyalardan heç biri tam üstünlüklə qələbə qazanmayacaq, buna görə də Türkiyə koalisiya hökuməti tərəfindən idarə ediləcək. Türkiyə Böyük Millət Məclisinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Əhməd Bukan bu fikirdədir.

"Çox güman ki, Türkiyəni bir neçə partiyanın koalisiyası idarə edəcək", - Ankaradan telefonla Bukan bildirib.

Deputatın fikrincə, dəqiq demək olar ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu seçkilərdə qalib gəlməyəcək.

"AKP-nin reytinqi uğursuz daxili siyasətdən sonra kəskin düşüb", - Bukan qeyd edib.

"AKP vətəndaşların həm sosial, həm də siyasi həyatı ilə bağlı çoxlu daxili problemləri həll etməyib", - deputat əlavə edib.

Türkiyədə parlament seçkiləri iyunun 12-nə təyin olunub. Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb.

Türkiyə Böyük Millət Məclisinin müxalifətdən olan digər deputatı Beytullah Əsil də hesab edir ki, Türkiyə hökumətinə koalisiya qüvvələri başçılıq edəcək.

Əsilin sözlərinə görə, koalisiyanın yaradılması ölkənin siyasətinə müsbət təsir göstərəcək. Belə ki, koalisiya hökuməti hakim qüvvəllər arasında mübahisələrin və fikir ayrılıqlarının azalmasına xidmət edir.

Əsilin fikrincə, Türkiyədə parlament seçkiləri kifayət qədər demokratik keçəcək.

Bukan onu da qeyd edib ki, bu seçkilərdə Milliyyətçi Hərəkat Partiyasının reytinqinin artacağını müşahidə etmək olacaq.

"Biz səslərin 20 faizini qazanacağımıza ümid edirik", - o əlavə edib.

Bukan vurğulayıb ki, partiya üzvü ilə bağlı uydurma qalmaqal olmasaydı, MHP səslərin daha çoxuna ümid edə bilərdi.

Xəbər lenti

Xəbər lenti