...

Müxalifətin radikal qanadını ölkədəki ictimai-siyasi sabitliyi pozmağa sövq edən qüvvələr mövcuddur - Əli Əhmədov

Siyasət Materials 15 İyun 2011 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir T.Hacıyev/

Müxalifətin radikal qanadını ölkədəki ictimai-siyasi sabitliyi pozmağa sövq edən qüvvələr mövcuddur. Trend-in məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov İctimai Palatanın iyunun 19-na təyin etdiyi aksiyaya münasibət bildirərkən deyib.

Azərbaycanın istənilən guşəsində, o cümlədən Bakı şəhərinin istənilən yerində razılaşdırılmamış aksiya keçirilməsi cəhdlərinin qarşısının qətiyyətlə alınacağını deyən icra katibi bildirib ki, yayın bu qızmar vaxtında mitinq keçirməyə cəhdlər göstərilməsi tamamilə başqa niyyətlərdən xəbər verir.

Onun sözlərinə görə, müxalifət tərəfindən ölkənin ictimai-siyasi sabitliyini pozmaq istiqamətində cəhdlər ilk növbədə Azərbaycan cəmiyyəti tərəfindən kəskin tənqid edilir.

Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitliyin mövcud olduğunu vurğulayan Əhmədov bildirib ki, ölkə vətəndaşlarının hər biri bu sabitliyin faydasını görür.

"İnanıram ki, Azərbaycan cəmiyyəti müxalifətin razılaşdırılmamış aksiya cəhdinə dəstək verməyəcək. Onların bu cəhdi də iflasa uğrayacaq", - o deyib.

Azərbaycan cəmiyyətinin mitinq əhval-ruhiyyəsini qəbul etmədiyini önə çəkən partiya funksioneri qeyd edib ki, müxalifətçilik yalnız və yalnız küçələrə çıxıb aksiyalar keçirmək anlamı daşımır.

"Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi konstruktiv mövqedə dayanaraq Azərbaycan cəmiyyətinin ayrı-ayrı hissələrinin maraqlarını ifadə etməyə çalışır", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti